...

Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Azərbaycanın Baş prokuroru ilə görüşüb

Cəmiyyət Materials 14 May 2012 17:56 (UTC +04:00)
Mayın 14-də ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipers Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzülüb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Azərbaycanın Baş prokuroru ilə görüşüb

Azərbaycan, Bakı, 14 may /Trend/

Mayın 14-də ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipers Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaq Şəhidlər xiyabanını da ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üstünə güllər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Derk Kuipers daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna gəlib. Baş prokuror Zakir Qaralov, ilk növbədə, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlərin müstəqil respublikamızın nüfuzunun ciddi şəkildə artması, beynəlxalq təşkilatların dövlətimizlə əməkdaşlığa marağının daha da gücləndirməsi, həmçinin ölkəmizin bir çox mötəbər qurumların, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək bu əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib və uzun illər Təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində təmsil olunmalarını qurumun Azərbaycan ilə əməkdaşlığına verilən yüksək qiyməti xüsusi vurğulayıb.

Görüşdə Baş prokuror ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində görülən konkret tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat verib.

Müstəqil inkişaf tarixinin 20 ili ərzində Azərbaycanda ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyev tərəfindən görülmüş möhtəşəm işlərin, dünya dövlətləri birliyində ölkəmizin öz layiqli yerini tutması istiqamətində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsi kimi, dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və cari ilin may ayından Şuraya sədrlik etməsi böyük uğur kimi dəyərləndirilib. Şuranın mayın 4-də "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr edilmiş yüksək səviyyəli iclasına Prezident İlham Əliyevin sədrlik etməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Derk Kuipers Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib. Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi qeyd edilib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Kuipers Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluğun gənc əməkdaşları ilə görüş keçirib və həmin quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələri təqdim olunub. Görüş zamanı BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası çərçivəsində cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Gənc prokurorlar Assosasiyanın gələcəkdə təşkil olunacaq regional konfranslarının onları maraqlandıran aktual məsələlərə, o cümlədən, çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularına həsr edilməsi, belə tədbirlərdəki təqdimatların və çıxışların qurumun saytında yerləşdirilməsi, ayr-ayrı cinayətlərin istintaqına dair prokurorlar üçün bələdçilərin hazırlanmasına dair təkliflər irəli sürüblər. Baş katib Derk Kuipers gənc prokurorların təşəbbüslərini qiymətləndirməklə verilən təkliflərin nəzərdən keçiriləcəyini bildirib.

Baş katib Elm-Tədris Mərkəzinin kafedra və laboratoriyalarında istifadə edilən müasir avadanlıqlarla da tanış olub və ona prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış "İmtahan" sistemi, həmçinin xüsusi məlumatların verilməsi nəzərdə tutulan cinayət xarakterli faktlar barədə operativ məlumatların uçotu üzrə "Xüsusi məlumat" informasiya sistemi barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti