...

Azərbaycanın Qarabağ atları Britaniya Kraliçası II Yelizavetanın taxta çıxmasının 60 illik yubileyində nümayiş olunub (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 May 2012 19:02 (UTC +04:00)

Səfirliyin məlumatı əlavə olunub (ilk xəbər saat 01:56-da yayılıb)

Azərbaycan, Bakı, 15 may /Trend/

Böyük Britaniya Kraliçası II Yelizavetanın taxta çıxmasının 60 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində mayın 10-13-də Böyük Britaniya krallarının rəsmi iqamətgahlarından olan tarixi Vindzor Qəsrinin ərazisində "The Diamond Jubilee Pageant" adlı təntənəli at şousu keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, şouda dünyanın bir sıra ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. 5 gün ərzində keçirilən təntənəli şouda təxminən 1200 nəfər və 550-dən çox at iştirak edib, şou ölkənin "The Times", "The Daily Mail" kimi aparıcı qəzetlərində geniş işıqlandırılıb.

Azərbaycan Atçılıq Federasiyası, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmiz sözügedən at şousunda iştirak edib. Azərbaycandan gələn nümayəndə heyəti Azərbaycan Atçılıq Federasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən və Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərindən ibarət olub. Azərbaycanın Qarabağ atlarının və Dövlət Rəqs Ansamblının yüksək səviyyəli çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və alqışlanıb.

Tədbir çərçivəsində Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən yaradılmış və Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini, müasir inkişafını və milli atçılığın nailiyyətlərini əks etdirən xüsusi guşə şou iştirakçılarının marağına səbəb olub, xanəndə Rəvanə Ərəbovanın ifasında milli müsiqi parçaları böyük rəğbətlə dinlənilib.

Mayın 11-də Böyük Britaniya Kraliçası II Yelizaveta tədbirdə iştirak edən ölkələrin təmsilçilərini öz iqamətgahında - Vindzor qəsrində qəbul edib. Bu münasibətlə təşkil olunmuş ziyafətdə digər ölkələrlə yanaşı, Azərbaycanın nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, eləcə də səfir Fəxrəddin Qurbanov və Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti