Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May - Beynəlxalq Ailə Günü (BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən) münasibətilə İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev adına parkda tədbir keçirilib.
Dövlət Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu bayram artıq 5 ildir komitə tərəfindən regionlarda keçirilir. Bununla əlaqədar olaraq, ilk növbədə, tədbirlər planı tərtib edilərək respublikanın bütün rayon və şəhərlərinə göndərilib, Beynəlxalq Ailə Gününə həsr edilmiş transparant, banner və planşet hazırlanıb şəhərin mərkəzi küçələrində yerləşdirilib. Tədbirlər planına əsasən, 10 günlük dekada çərçivəsində respublikanın şəhər və rayonlarında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş müxtəlif tədbirlər həyata keçirilib və nəticədə kulinariya (17 ailə), əl işləri (15 ailə), yaradıcı ailə (13 ailə), nümunəvi ailə (32 ailə) nominasiyaları üzrə rayonlarda keçirilən müsabiqələrdə qalib gələn ailələr (ata, ana və 2 uşaq) öz bacarıqlarını yekun bayram tədbirində nümayiş etdiriblər.
Keçirilmiş yekun tədbirlərdə, eyni zamanda, qonaq qismində ictimaiyyətin tanınmış xadimləri, beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər. Dəvət alan qonaqlar ailələrin əl işləri, foto-sərgi və milli koloritləri özündə təcəssüm etdirən xalça və kilimlərlə yaxından tanış olublar. Bayram şənliyində iştirak edən ailələrə komitə tərəfindən diplom və qiymətli hədiyyələr, eyni zamanda, maarifləndirmə məqsədilə çap materialları təqdim edilib.
Bayram şənliyində Nuğayevlər ailəsinin toy şənliyi, 63 il birgə ömür sürmüş Həmzəyevlər ailəsinin isə brilyant toyu keçirilib. Tədbirin keçirildiyi məkan milli koloritə uyğun olaraq bəzədilib, Azərbaycan sənətçiləri, istedadlı ailələr tərəfindən hazırlanmış musiqi nömrələri dinlənilib. Tədbirdə, həmçinin, Azərbaycan Respublikasında yaşayan müxtəlif millətlərin nümayəndələri - rus, gürcü, ləzgi, molokan, avar - lahıc ailələri də öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir kütləvi informasiya vasitələri ilə ictimaiyyətə təqdim edilib. Ailə bayramında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış edərək ürək sözlərini söyləyiblər.
Tədbirdə 78 ailə iştirak edib. Keçirilmiş yekun tədbirlərində, eyni zamanda, qonaq qismində YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, YUNESKO-nun Azərbaycandakı nümayəndəsi Günay Əfəndiyeva və ictimaiyyətin tanınmış xadimləri iştirak ediblər.