...

Londonda Şuşanın işğalının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Cəmiyyət Materials 21 May 2012 03:11 (UTC +04:00)
Londonda fəaliyyət göstərən Azərbaycan Evində səfirliyin və Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Şuşanın işğalının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Londonda Şuşanın işğalının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan, Bakı, 21 may /Trend/

Londonda fəaliyyət göstərən Azərbaycan Evində səfirliyin və Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Şuşanın işğalının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan icmasının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin direktoru Əli Təkin Atalar Şuşanın işğalının Ermənistanın-Azərbaycan müharibəsinin gedişində ən ağır məqamlardan biri olduğunu qeyd etmiş və erməni işğalı nəticəsində Şuşa şəhərində yerləşən tarixi-memarlıq abidələri və mədəni irsə dəymiş ziyan haqda bəhs etmişdir. Şuşanın işğalını Azərbaycanın sağalmaz yarası adlandırmış və ümumilikdə Ermənistan-Azərbyacan münaqişəsi və Xocalı soyqırımı haqda məlumat vermişdir.

Çıxışın ardınca Qarabağ uğrunda döyüşlərin başlanması və müharibənin gedişi, Xocalı soyqırımı ilə bağlı film və Şuşa şəhərinin işğaldan əvvəl və sonra çəkilmiş fotoları nümayiş olunmuşdur. Fotolarda işğal nəticəsində şəhərin tanınmaz hala salınması, şəhərdə iriqmiyaslı dağıntılar və bu gün şəhərin tərk edilmiş məkan olduğu açıq-aşkar əks olunmuşdur.

Səfir Fəxrəddin Qurbanov öz çıxışında qeyd etmişdir ki, Şuşa şəhərinin 1992-ci ilin may ayında Ermənistan silahlı birləşmələri tərəfindən işğalı Azərbaycanın yaxın tarixində ən ağrılı günlərdən biridir. Şuşa şəhərinin tarixi Azərbaycan torpağı olan Qarabağın incisi, bütün Qafqazın musiqi mərkəzi olduğunu qeyd edən Səfir, Azərbaycanın şeir, incəsənət və musiqi sahəsində dünyada tanınmış şəxsiyyətlərinin məhz bu torpaqda doğulub boya başa çatdığını vurğulamışdır. Bu gün Şuşada yerləşən yüzlərlə tarixi abidənin, nadir memarlıq nümunələri və dini abidələrin vəhşicəsinə dağıdıldığını diqqətə çatdırmışdır. Səfir Azərbaycanın işğal altındakı torpaqlarını istənilən yolla geri qaytarmaq əzmində olduğunu vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti