...

MTN qanunsuz beynəlxalq rabitə xidməti yaradan dəstəni zərərsizləşdirib

Cəmiyyət Materials 22 May 2012 16:26 (UTC +04:00)
Milli təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyat zamanı dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər ifşa edilərək yaxalanıblar.
MTN qanunsuz beynəlxalq rabitə xidməti yaradan dəstəni zərərsizləşdirib

Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/

Milli təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyat zamanı dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər ifşa edilərək yaxalanıblar. Bu barədə Trend-ə Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Zeynalov Fuad Fərmayıl oğlu, Vahabov Bazay Vahab oğlu, Hacıyev Abbas Ağakişi oğlu, Fərhadov Şahin Ərdəşir oğlu, Ağayev İxtiyar Baxış oğlu və Məmmədov İlham Həsən oğlu qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərmişlər.

Məlum olmuşdur ki, Fuad Zeynalov, Bazay Vahabov, Abbas Hacıyev, Şahin Fərhadov, İxtiyar Ağayev və İlham Məmmədov "Azerfon" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə girmişlər. Bundan sonra, adları çəkilən şəxslər xaricdə istehsal olunmuş "GSM" kanalpaylayıcılarını və digər texniki avadanlıqları əldə etmiş və onları Bakı, Sumqayıt və Xırdalan şəhərlərində müxtəlif ünvanlarda yerləşən mənzillərdə quraşdırmışlar. Dəstə üzvləri "Azerfon" MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 51 ədəd "GSM" mobil telefon nömrəsi almış, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etmişlər. Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, qısa müddət ərzində qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təxminən 100 min manat ziyan vurulmuşdur.

Kompleks əməliyyat tədbirləri çərçivəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən eyni üsulla törədilmiş daha bir cinayətin qarşısı alınmışdır.

Belə ki, Çin Xalq Respublikasının vətəndaşı Lin Vei və qeyriləri "Azerfon" MMC və "Bakcell Ltd" MMC-nin mobil operator şəbəkələrində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə girmişlər. Lin Vei Bakı şəhərinin Nəsimi və Xətai rayonlarında, habelə Gəncə şəhərində kirayə götürdüyü mənzillərdə xaricdə istehsal olunmuş müxtəlif markalı "GSM" kanalpaylayıcılarını icazəsiz quraşdırmış və İnternet kanalı icarə edərək qanunsuz fəaliyyət göstərməyə başlamışdır.

Bundan sonra, Lin Vei "Azerfon" MMC və "Bakcell Ltd" MMC-yə məxsus 69 ədəd "GSM" mobil telefon nömrəsi almış, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz son bir ay ərzində birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etməklə külli miqdarda ziyan vurmuşdur. Həmin mənzillərə keçirilmiş baxışlar zamanı avadanlıqların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, həmçinin "Azerfon" MMC və "Bakcell Ltd" MMC-yə məxsus 8 min 500 manatdan artıq dəyərdə işlənmiş və 2 min 455 manatlıq istifadə edilməmiş ödəmə kartları aşkarlanmışdır.

Qeyd olunmalıdır ki, həyata keçirilmiş bu əməliyyat tədbirləri nəticəsində informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri vərdişlərə malik şəxslərin Azərbaycan dövlətinin iqtisadi mənafelərinə, "Azerfon" MMC və "Bakcell Ltd" MMC mobil operatorlarının işinə ciddi mane olan qanunsuz sahibkarlıq fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda, həmin icazəsiz rabitə şəbəkələrindən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınmışdır.

Faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddəsi ilə cinayət işi başlanılmışdır.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti