Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/
Arxeoloji materialların dövrünün təyin edilməsində numizmatik materiallar mühüm rol oynayır. Bunu şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun numizmatika şöbəsinin müdiri Akif Quliyev deyib.
Onun sözlərinə görə, institutda aparılan işlər son zamanlar aşkarlanmış numizmatik materiallara əsaslanır.
Quliyev deyib ki, son 2-3 il ərzində Kürdəmirin Muradxan kəndində, Qəbələdə, Şəmkirdə, Cəlilabadda, Şamaxıda, Ağsuda, Bakıda aparılan arxeoloji qazıntılar zamanı çoxlu miqdarda gümüş, mis, hətta qızıl pullar aşkarlanıb. Quliyev bu materialların araşdırılmasının başa çatdığını da söyləyib.