...

Azərbaycanda peşə məktəblərinin kommersiya fəaliyyəti ilə məşğul olma imkanları genişləndirilə bilər

Cəmiyyət Materials 29 May 2012 13:35 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Milli Məclisə peşə təhsili müəssisələrinin kommersiya fəaliyyəti ilə məşğul olma imkanlarının genişləndirilməsini təklif edəcək.
Azərbaycanda peşə məktəblərinin kommersiya fəaliyyəti ilə məşğul olma imkanları genişləndirilə bilər

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Milli Məclisə peşə təhsili müəssisələrinin kommersiya fəaliyyəti ilə məşğul olma imkanlarının genişləndirilməsini təklif edəcək. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ ilk dəfə olaraq, hazırlanan "Peşə təhsili haqqında" qanun layihəsində öz əksini tapıb. Layihə Təhsil Nazirliyi və beynəlxalq ekspertlərlə birgə hazırlanıb.

Məmmədov deyib ki, peşə təhsili müəssisələri təkcə nəzəri biliklərin verilməsi ilə kifayətlənmirlər. Onların bəzilərinin emalatxanaları, rayonlarda yerləşən bəzi müəssisələrin isə təsərrüfatları var. Burada müəssisələr şagirdlərlə birgə birlikdə müəyyən məhsullar istehsal etmək imkanı əldə edirlər.

Nazirlik rəsmisinin sözlərinə görə, peşə təhsili müəssisələri emalatxana və təsərrüfatlarının hesabına müəyyən qədər gəlir əldə edirlər. Amma layihədə dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da peşə təhsili müəssisələrinin kommersiya fəaliyyəti ilə məşğul olmaq, özlərinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, özünümaliyyələşdirmə sisteminə keçməsi kimi məsələlər təklif edilir.

Məmmədov deyib ki, peşə təhsili müəssisələrinin özlərinin gəlirlərini artırmaq üçün bir sıra yollar var. Müəssisələr özlərinin ödənişli təhsil kursları, tədris istehsalat kombinatlarını açmaqla, istehsal etdikləri məhsullarını satmaqla gəlirlərini artıra və özlərini maliyyələşdirə bilərlər.

Xəbər lenti

Xəbər lenti