Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın əvvəlində ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar 2011-2012-ci tədris ilində şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adını açıqlayıb.
Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Zaqatala rayonunun bütün məktəbləri buraxılış imtahanından azad ediliblər. Həmin məktəblərin şagirdlərinin attestat qiymətləri illik qiymətləri əsasında müəyyənləşəcək.
Abbaszadə deyib ki, zəlzələ nəticəsində məktəblərin qəzalı vəziyyətdə olması, dərslərin vaxtından əvvəl dayandırılması və şagirdlərin əksəriyyətinin evlərinin də qəzalı vəziyyətdə olması səbəbindən Qax və Balakən rayonlarında da bəzi məktəblərin şagirdləri imtahandan azad ediliblər. Balakən rayonunda Qarahacılı, Katex və Püştətala kənd orta məktəblərinin, Qax rayonunda isə 9 kəndin - Ləkit, Zərgə, Güllük, Kötüklü, Qarağan, Dəmyə-Dağlı, Meşəbaşı, Lələpaşa və Lələli kənd orta məktəblərinin şagirdləri buraxılış imtahanlarından azad ediliblər.