...

Macarıstanda Azərbaycan karikatura sənətinə həsr edilmiş sərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 22 İyun 2012 16:39 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının karikaturaçı rəssamlar bölməsi və Budapeştdəki Uypeşt rəsm qalereyasının birgə təşkilatçılığı ilə Uypeşt qalereyasında "Azərbaycan karikatura sənəti" adlı sərgi təşkil olunub.
Macarıstanda Azərbaycan karikatura sənətinə həsr edilmiş sərgi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının karikaturaçı rəssamlar bölməsi və Budapeştdəki Uypeşt rəsm qalereyasının birgə təşkilatçılığı ilə Uypeşt qalereyasında "Azərbaycan karikatura sənəti" adlı sərgi təşkil olunub.

Azərbaycanın Macarıstandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, sərgini Uypeşt qalereyasının rəhbəri, tanınmış macar sənətşünası İştvan Gelleri və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açıb.

Səfir öz çıxışında milli karikatura sənətimizin məşhur "Molla Nəsrəddin" jurnalı ilə başlayan ənənələrindən və keçdiyi zəngin inkişaf yolundan, müxtəlif tarixi mərhələlərdəki özünəməxsusluqlarından ətraflı bəhs edib. "Molla Nəsrəddin" jurnalında çap olunan və sərginin ekzpozisiyasında mühüm yer tutan karikaturaların təkcə Azərbaycan reallıqlarını əks etdirmədiyi, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin xalqları üçün də mühüm təsir və tərbiyə məktəbi olması fikri xüsusilə vurğulanıb.

Quliyev sovet dövründə karikatura sənətinin cəmiyyətdəki çatışmazlıqları tənqid edən və ictimai fikri mövcud problemlərə yönəldən əsas yaradıcılıq sahələrindən biri olduğunu da diqqətə çatdırıb.

Gelleri isə çıxışında Azərbaycan karikatura sənətinin öz kamilliyi, cəsarəti, aktuallığı, ictimai və mənəvi həyat faktlarına kəskin və operativ müdaxiləsi ilə onda və həmkarlarında xoş bir heyrət hissi yaratdığını etiraf edib.

Sərginin Azərbaycan karikatura sənətinin keçdiyi inkişaf yolundan bəhs edən rəngli bukleti Azərbaycan, macar və ingilis dillərində çap olunaraq iştirakçılar arasında yayılıb.

Böyük maraqla qarşılanan sərginin açılış mərasimində macar rəssamlar və ölkənin yaradıcılıq təşkilatlarının üzvləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgi iki həftə müddətində fəaliyyət göstərəcək. Ekspozisiyanı Macarıstanın digər şəhərlərində də nümayiş etdirmək nəzərdə tutulub.

Müxtəlif rəssamların 60-a yaxın əsərinin nümayiş etdirildiyi sərgi öz aktuallığı və kəskin tənqidi ruhu ilə seçilən karikatura sənətimizin 100 ildən artıq bir müddət ərzində keçdiyi inkişaf yolu haqqında təsəvvür yaradır.

Sərgi yaratdığı tiplərin karikaturaçı rəssamların yaradıcılığında mühüm yer tutduğu böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin bu il geniş qeyd olunan 150 illik yubileyinə həsr edilib.

Xəbər lenti

Xəbər lenti