...

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon nəfəri ötüb

Cəmiyyət Materials 23 İyul 2012 11:52 (UTC +04:00)
Cari ilin birinci yarısında dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində, sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon nəfəri ötüb.
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon nəfəri ötüb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Cari ilin birinci yarısında dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində, sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon nəfəri ötüb. Belə ki, bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, iyulun 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 047 743 nəfərə catıb. Sığortaolunanların 56,2 faizi kişi, 43,8 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,8 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21 faizini 30 yaşa kimi vətəndaşlar, 23,1 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Xəbər lenti

Xəbər lenti