...

Azərbaycanda medianın inkişafı ilə bağlı təkliflər paketi hazırlanıb (FOTO)

Cəmiyyət Materials 28 İyul 2012 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin və Avropa Qəzetəçilər Birliyinin (AQB) birgə təşkilatçılığı ilə "İfadə azadlığı və media məsuliyyəti" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransın təşkilatçılarından olan Umud Rəhimli Azərbaycanda son illər medianın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Mediaya kifayət qədər azadlıq verildiyini deyən Rəhimli bununla bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını bildirib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda ictimai əhəmiyyətli hər bir hadisə media vasitəsilə operativ şəkildə ölkə ictimaiyyətinə çatdırılır.

Amaşov qeyd edib ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla baş redaktorların görüşündə medianın problemləri müzakirə olunub. Görüşdə problemlərin həlli, mətbuatın inkişafı məqsədilə təkliflər verilib.

MŞ həmin təklifləri ümumiləşdirərək paket halında Prezident Adminstrasiyasına təqdim edib.

Amaşov həmin təkliflərlə bağlı payızda müəyyən nəticələrin olacağına ümid edir.

Həmin təkliflər barədə danışan Şura sədri bildirib ki, qəzetlərin yayımı, reklam bazarının genişlənməsi məqsədilə müəyyən təkliflər hazırlanıb.

O həmçinin qeyd edib ki, "Diffamasiya haqqında" qanun layihəsi parlamentin payız, yaxud da yaz sessiyasında qəbul olunacaq.

Onlayn medianın vəziyyətinə toxunan Amaşovun sözlərinə görə, internet mediası ilə bağlı Azərbaycanda ciddi problemlər yoxdur.

Amaşov hesab edir ki, onlayn medianın inkişafı və güclənməsi yaxın gələcəkdə əksər qəzetlərin onlayn şəkildə yayımlanması ilə nəticələnəcək.

Millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva medianın inkişafının ölkənin, millətin və dövlətin inkişafı ilə sıx bağlı olduğunu bildirib. Media, söz və mətbuat azadlığı sahəsində kifayət qədər uğurların olduğunu deyən millət vəkili bu sahədə problemlərin də mövcudluğunu istisna etməyib.

O qeyd edib ki, medianın iqtisadi gücünün artırılması üçün ilk olaraq reklam bazarı genişləndirilməlidir.

"Diffamasiya haqqında" qanunun qəbuluna toxunan Paşayeva hesab edir ki, bu qanunun qəbulu ciddi problemlər yaratmayacaq. Qanunun müsbət nəticələri daha çox olacaq.

Medianın inkişafında jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının önəmli olduğunu deyən millət vəkili bu istiqamətdə addımlar atıldığını və belə tədbirlərin davamlı olacağını bildirib.

Elektron media ilə bağlı danışan Paşayeva bildirib ki, internet media inkişaf etdikcə sözün məsuliyyəti azalır. Bu, söz bazarında qeyri-peşəkarların artmasına gətirib çıxarır.

Azərbaycanda jurnalistlərin peşəkarlaşması üçün kifayət qədər imkanların olduğunu deyən millət vəkili jurnalistlərin bu imkanlardan yararlanmasını vacib sayır.

Bütün dünyada jurnalistikanın siyasiləşdiyini deyən Paşayevanın sözlərinə görə, bu səbəbdən də toplumun jurnalistikaya olan etimadı azalıb.

"Jurnalistika siyasi maraqlardan, mövqelərdən çıxış etdikcə, bu sıxıntılar, problemlər olacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti