...

Azərbaycanın təhsil naziri ictimaiyyəti və təhsil siyasətinin icrasına cavabdehlik daşıyan şəxsləri qane etməyən məqamları açıqlayıb

Cəmiyyət Materials 14 Sentyabr 2012 15:20 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ictimaiyyəti, o cümlədən dövlətin təhsil siyasətinin icrasına cavabdehlik daşıyan şəxsləri qane etməyən məqamları açıqlayıb.
Azərbaycanın təhsil naziri ictimaiyyəti və təhsil siyasətinin icrasına cavabdehlik daşıyan şəxsləri qane etməyən məqamları açıqlayıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ictimaiyyəti, o cümlədən dövlətin təhsil siyasətinin icrasına cavabdehlik daşıyan şəxsləri qane etməyən məqamları açıqlayıb. Mərdanov Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzeti üçün yazdığı məqalədə bildirib ki, ümumi təhsilin keyfiyyət səviyyəsi ilə bağlı istənilən nəticə hələ də əldə olunmayıb.

"Etiraf etməliyik ki, uzun illərdən bəri ciddi cəhdlərə baxmayaraq, ümumi təhsilin keyfiyyət səviyyəsi ilə bağlı istənilən nəticə hələ də əldə olunmayıb. Keyfiyyət problemi təkcə bizim ölkənin qayğısı deyil. Belə güman etmək olmaz ki, ən qabaqcıl ölkələrdə belə, təhsilə cəlb olunanların hamısı orta təhsili bitirə bilir, yaxud ali təhsil almaq istəyən məzunların əksəriyyəti ali məktəblərə daxil olur. Ancaq bu, bizim üçün, əlbəttə, təsəlli ola bilməz, problemin həlli istiqamətində daha təsirli tədbirlər nəzərdə tutulmalıdır", - nazir qeyd edib.

O bildirib ki, ümumi təhsil sahəsində bu gün ictimaiyyəti narahat edən problemləri, nöqsan və çatışmazlıqları yalnız inzibati yolla aradan qaldırmaq mümkün deyil.

Mərdanov hesab edir ki, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün məsuliyyət mədəniyyəti formalaşmalıdır. Məsuliyyət mədəniyyəti qanunlara, qanunçuluğa, konkret halda təhsil qanunvericiliyinə hörmətdən başlanır.

"Təhsil sahəsində hər bir şəxsin müvafiq qanunvericilik sənədlərinə bələdliyi, öz fəaliyyətini hüquqi normativ aktların tələbləri əsasında qura bilməsi, dövrün, zamanın diktə etdiyi tələblərə uyğunlaşması, innovasiyaları mənimsəyib qiymətləndirməsi onun səriştəliliyinin ilk göstəricisidir. Etiraf etmək lazımdır ki, indiki vaxtda bir sıra təhsil işçilərində çatışmayan cəhət məhz bundan ibarətdir", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti