Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə hakimlərin toxunulmazlıq hüququnun qismən aradan qaldırılması əməliyyat-axtarış tədbirlərinin daha geniş həcmdə tətbiq edilməsinə və bu kateqoriyadan olan cinayətlərin aşkarlanmasına şərait yaratmış olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
O xatırladıb ki, korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər çərçivəsində ölkə parlamenti tərəfindən 7 mart 2012-ci il tarixdə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun qəbul edilib.
"Bu qanunla hüquqi şəxslərə tətbiq olunacaq cinayət hüquqi tədbirlərin növləri, onların tətbiq olunmasının əsasları və şərtlərı müəyyən edilib. Həmin tədbirlərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, hüquqi şəxsi ləğv etmə aid edilib. Hüquqi şəxslər üçün cinayət məsuliyyəti tədbirlərinin müəyyən edilməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərdə, o cümlədən Avropa Şurasının "Korrupsiya cinayətlərinə görə cinayət məsuliyyəti haqqında" Konvensiyası və BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasında da nəzərdə tutulub", - Qaralov deyib.
O vurğulayıb ki, bu normanın qanunvericiliyə daxil edilməsinin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. Milli Fəaliyyət Planında hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına dair qanun layihəsinin hazırlanmasının nəzərdə tutulması onunla əlaqədardır ki, hüquqi şəxslərin cinayət məsuliyyəti ölkəmizin hüquq sistemi üçün yeni bir institutdur və onun tətbiqi prosedurları hazırda müəyyən edilməkdədir.
Baş prokuror diqqətə çatdırıb ki, cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri kimi korrupsiyaya qarşı mübarizə sahəsində hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflərin hazırlanması göstərilib.
"Azərbaycanın qoşulmuş olduğu Korrupsiyaya qarşı Dövlətlər Qrupu tərəfindən aparılan dəyərləndirmə raundları çərçivəsində Azərbaycan hökumətinə korrupsiya hallarının araşdırılması sahəsində əməliyyat-axtarış tədbirlərindən geniş istifadə edilməsi, cinayət təqibi ilə bağlı toxunulmazlıq statusu olan şəxslərin dairəsinin məhdudlaşdırılması məsələsinin nəzərdən keçirilməsi tövsiyə olunub. Bundan başqa, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OESD) İstanbul Antikorrupsiya Fəaliyyət Planına əsasən, Azərbaycan hökumətinə hakimlərin və bu qəbildən olan digər şəxslərin toxunulmazlıq statusunun aradan qaldırılmasına, bu sahədə aydın meyarların qəbul edilməsinə dair tövsiyələr verilib", - Qaralov deyib.
O bildirib ki, bu baxımdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə hakimlərin toxunulmazlıq hüququnun qismən aradan qaldırılması əməliyyat-axtarış tədbirlərinin daha geniş həcmdə tətbiq edilməsinə və bu kateqoriyadan olan cinayətlərin aşkarlanmasına şərait yaratmış olacaq.