...

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Cəmiyyət Materials 20 Sentyabr 2012 17:59 (UTC +04:00)
20 sentyabr - Neftçilər Günündə işıq üzü görən 184 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 18 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb.

20 sentyabr - Neftçilər Günündə işıq üzü görən 184 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 18 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişindən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması xüsusi buraxılışın ana xəttini təşkil edir.

Xüsusi buraxılışın üz qabığında ulu öndər Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fikri qeyd olunub. Sonrakı səhifədə isə ümummilli liderin "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq" fikirinin davamı olaraq Prezident İlham Əliyevin "Azərbaycan qədim neft ölkəsidir. Sənaye üsulu ilə dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilmişdir. XX əsrdə dəniz yataqlarından dünyada yenə də ilk dəfə neft Azərbaycanda hasil edilmişdir" tezisi öz əksini tapıb.

Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə Neftçilər Gününün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir.

Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2012-ci il tarixli "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında", "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adı verilməsi haqqında", "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" sərəncamları yer alıb.

Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 18 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Xüsusi olaraq qeyd edilir ki, həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.

Azərbaycan tarixində, onun iqtisadiyyatının inkişafında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazılarda geniş təhlil olunur, bu günün uğurları fonunda perspektivlər müəyyənləşdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikində bildirilir ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar və qürur hissi ilə qarşılayırlar. Ötən illərdə qazanılmış nailiyyətlər respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, beynəlxalq nüfuzunun güclənməsinə möhkəm zəmin yaradıb. Neft və qaz hasilatında rekord göstəricilərə, istehsalatın bütün sahələrində müasirləşməyə nail olan Azərbaycan dünyanın enerji daşıyıcıları bazarında öncül mövqeyə qədəm qoyub. Xəyallar həqiqətə çevrilib, Azərbaycan neft sənayesinin tarixi şöhrəti özünə qaytarılıb. Həyata keçirilən genişmiqyaslı regional və qlobal layihələr nəticəsində ölkəmiz nəinki özünün enerji təhlükəsizliyini tam təmin edib, həmçinin neft, qaz, emal və neft-kimya məhsullarının etibarlı ixracatçısı kimi Avropanın enerji təhlükəsizliyi sisteminin vacib halqalarından birinə çevrilib.

Təbrikdə bu məqam xüsusi vurğulanır ki, ARDNŞ inkişaf etdikcə respubilkamızın sosial-iqtisadi həyatında daha yaxından iştirak edir. Neftçilərimiz dövlət və xalq qarşısında böyük məsuliyyət və cavabdehlik daşıdıqlarını heç zaman unutmur, ölkəmizin iqtisadi yüksəlişi naminə əllərindən gələni edir, onlara göstərilən yüksək etimadı əzmlə doğruldurlar: "Əminəm ki, neftçilərimiz bundan sonra daha böyük qələbələr əzmi ilə qarşıda duran vəzifələrin həyata keçirilməsi və neft strategiyasının yeni-yeni uğurlar qazanması üçün var gücləri ilə çalışacaqlar".

ARDNŞ prezidenti Rövnəq Abdullayevin "Neft-qaz sənayesi Azərbaycanın tərəqqisinə xidmət edir" yazısında qeyd edilir ki, ümummilli lider Heydər Əliyev tərəfindən işlənilmiş neft strategiyasının önəmli cəhətlərindən biri qədim nef-qaz ölkəsi olan Azərbaycana əvvəlki şan-şöhrətini qaytarması, dünyanın nəzərlərini yenidən respubilkamıza cəlb etməsidir. Bu strategiya mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası idi və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Yazıda o da qeyd edilir ki, ölkə daxilində və xaricdə həyata keçirilən neft-qaz və neft-kimya əməliyyatlarında Azərbaycanı layiqincə təmsil edən Dövlət Neft Şirkəti modern, müasir tələblərə cavab verən güclü və çevik quruma çevrilmək istiqamətində fəaliyyətini daha da genişləndirib. Şirkət bu gün ölkə daxilində və onun hüdudlarından kənarda regional və qlobal əhəmiyyətli onlarla layihə həyata keçirir. ARDNŞ Azərbaycanda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçmiş ilk dövlət qurumlarındandır. Şirkətin konsolidə olunmuş hesabatları hər il beynəlxalq auditdən keçirilir ki, bu da onun kredit qabiliyyətinin artırılmasında mühüm amildir. "Biz qazanılmış nailiyyətləri yüksək qiymətləndirir, mövcud infrastrukturun qorunması, müasirləşdirilməsi, zərurət olduqda yenilənməsi məsələlərini prioritet vəzifələrimiz hesab edirik" deyən Abdullayev Dövlət Neft Şirkəti və onun xarici tərəfdaşları tərəfindən Bakıda Xəzər dənizi hövzəsində analoqu olmayan yeni gəmiqayırma zavodunun inşaası istiqamətində görülən işləri buna misal göstərir.

Yazının sonunda bu fikir bir daha xüsusi vurğulanır ki, müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuz və mövqeyinin möhkəmləndirilməsi, dövlətimizin iqtisadi qüdrətinin durmadan artırılması naminə gecə-gündüz çalışan fədakar neftçilərimiz yaxşı bilirlər ki, çəkilən əziyyət, görülən işlər son nəticədə xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Onlar inanırlar ki, Azərbaycan dövləti müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha işıqlı sabahlara aparır.

Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Xəzər dənizinin dərinsulu sahələrində axtarış-kəşfiyyat işlərinin nəticələri: keçmişə və gələcəyə baxış", iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun "ARDNŞ maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun tənzimləyən qurumdur", sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun "Azərbaycanın neft strategiyası dövlətlərarası münasibətlərin inkişafına xidmət edir", emal üzrə vitse-prezident David Məmmədovun "ARDNŞ-nin Emal Kompleksi Neftçilər Günü ərəfəsində", vitse-prezident Mikayıl İsmayılovun "Təchizat perspektivlərin reallaşmasında başlıca amildir", sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun "Neftçilərin sosial müdafiəsi müasir dövrün tələblərinə uyğun tənzimlənir və təkmilləşdirilir", kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun "ARDNŞ-nin ən böyük kapitalı onun insan resurslarıdır", neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun "Köhnə yataqlarda yığım-nəql sistemlərinin təkmilləşdirilməsi hesabına neft-qaz hasilatının sabitləşdirilməsinə daha çox diqqət verilir", ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin "ARDNŞ ətraf mühitin qorunmasına böyük önəm verir", strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun "SOCAR Avropada yeni brendə çevrilib", Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin "Neftçilərin sağlam və təhlükəsiz iş şəraitində çalışması əsas məsələlərdəndir", "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun "Neft-qaz hasilatına dair dövlət tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir", "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyevin "Ölkənin qaz təsərrüfatında genişhəcmli müasirləşmə işləri aparılır", "Azərikimya" İB Müşahidə Şurasının sədri Muxtar Babayevin "Azərikimya" ARDNŞ-nin tərkibində yeniləşərək və müasirləşərək dinamik inkişaf edir", Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin "Geofizika neft sənayesinin aparıcı istiqamətlərindəndir", Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyevin "Kollektiv peşə bayramlarını yüksək nailiyyətlərlə qarşılayır", Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin "Xam neft və neft məhsulları strategiyaya uyğun dünya bazarına ixrac edilir", Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin "Sərmayələrin cəlb olunması və idarə edilməsi ümdə vəzifəmizdir", "Azərneftyağ" Neft Emalı Zavodunun direktoru Rövşən Həsənovun "Azərneftyağ" NEZ Neftçilər Gününü yüksək texniki-iqtisadi göstəricilərlə qarşılayır", Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun "Kollektivimiz ulu öndərin adını şərəflə daşımaq üçün səylə çalışır", Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Səfixan Məmmədovun "Yüksək keyfiyyət uğurlarımızın əsasıdır", Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun "Davamlı iqtisadi inkişaf sosial yönümlü proqramların müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir", Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin "Etibarlı mühafizə amalımızdır", Ekologiya İdarəsinin rəisi Azər Əliyevin "Ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü işlər görülür", "Qaz İxrac" İdarəsinin rəisi Kamal Abbasovun "Azərbaycanın qaz strategiyası beynəlxalq müstəvidə yerini və rolunu gücləndirməkdədir", İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İnayət Hüseynovun "ARDNŞ-də müasir İKT sistemlərinin geniş tətbiqi davam etdirilir", Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətovun "Dənizdə neft-qaz hasilatında Xəzər Dəniz Neft Donanmasının müstəsna rolu var", "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasovun "Ali məqsədimiz etibarlı tərəfdaşa çevrilməkdir", "Kompleks Qazma İşləri" Trestinin müdiri İskəndər Şirəlinin "Qazmaçılar yeni neft strategiyasının icrasında fəaldırlar", "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun "Neftqazelmitədqiqatlayihə" İnstitutu bayram ərəfəsində", Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin "Qaz Emalı Zavodunun kollektivi neft-qaz sənayesinin inkişafına layiqli töhfəsini verir", Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun "Kadr hazırlığı daha da təkmilləşdirilir", "Neftçi" İSM-in icraçı direktoru, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun "İdman ili"ndə daha çox uğur qazanmağı hədəfləmişik", "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyevin "Məqsədimiz ekoloji vəziyyəti daha da yaxşılaşdırmaqdır" və "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu" məqalələrində "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar diqqətə çatdırılır və ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi kimi dəyərləndirilir. Bildirilir ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına, uğurların davamlılığını stimul verir.

Xüsusi buraxılışda Prezident İlham Əliyevin "Ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə güclənir, yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurların təməlində birmənalı deyə bilərəm ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" dayanır" fikri ötən dövr ərzində görülən işlərin və qarşıda duran vəzifələrin ümumiləşdirilmiş ifadəsidir.

Xüsusi buraxılış ulu öndər Heydər Əliyevin "Əsrin müqaviləsi"ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin daimiliyinin əsas qarantlarından biridir..." fikri ilə tamamlanır. Bu gün böyük fəxrlə deyə bilərik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir.

Xəbər lenti

Xəbər lenti