...

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçirilir

Cəmiyyət Materials 27 Sentyabr 2012 17:52 (UTC +04:00)
Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev son illər ərzində ölkədə tikilib, yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisələrinin sayının artmasından, səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlərdən və bu sərginin böyük əhəmiyyətindən danışıb.
Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçirilir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev son illər ərzində ölkədə tikilib, yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisələrinin sayının artmasından, səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlərdən və bu sərginin böyük əhəmiyyətindən danışıb.

O bildirib ki, bu sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycanda səhiyyə sahəsində sürətli inkişafın əyani sübutudur.

Sərginin təşkilatçısı "Iteca Caspian LLC"-nin direktoru Fərid Məmmədov deyib ki, sentyabrın 29-dək davam edəcək sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.

Bu il "BIHE" - Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi 16 ölkədən 107 iştirakçını bir araya gətirıb. Azərbaycan, Belçika, Belarus, Rusiya, İran, Türkiyə şirkətləri sərgi çərçivəsində müasir səhiyyə sahəsi üçün zəruri və tələb olunan ən yeni texnologiyaları nümayiş etdirirlər. "BIHE-2012" sərgisində Banqladeş debütant ölkə kimi iştirak edir. Bütövlükdə isə "BIHE" eksponentlərinin 40 faizini yerli şirkətlər, 60 faizini isə xarici şirkətlər təşkil edirlər. Həmçinin, bu il sərgi təqdim olunan məhsulların çeşidini xeyli genişləndirib. Belə ki, "BIHE-2012" sərgisi tibbi məhsul və xidmətlərin geniş spektrini - tibbi və laboratoriya avadanlıqlarını, əczaçılıq preparatlarını, dezinfeksiya vasitələrini, ortopedik məhsulları, tibbi mebeli, klinikalar üçün proqram təminatını və tibbi geyimləri təqdim edir.

Sərgidə tibb müəssisələri üçün toxuculuq məhsulları da təqdim olunur. Əczaçılıq bölməsində isə Rusiya Federasiyası, İran, Belarus, Suriya və Banqladeş şirkətləri rəqabət aparırlar.

Bu gün "BIHE" sərgisi ilə yanaşı, 7-ci Azərbaycan Beynəlxalq Stomatologiya ("Stomatology Azerbaijan-2012") sərgisi və 6-cı Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan-2012") sərgisi də öz işinə başlayıb.

Xəbər lenti

Xəbər lenti