...

Keşlə dəmiryol qovşağında mülki müdafiə üzrə təlim-məşq toplantısı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2012 12:37 (UTC +04:00)
Bakı şəhər yük stansiyasının ərazisində Keşlə dəmiryol qovşağı üzrə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.
Keşlə dəmiryol qovşağında mülki müdafiə üzrə təlim-məşq toplantısı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bakı şəhər yük stansiyasının ərazisində Keşlə dəmiryol qovşağı üzrə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında Mülki Müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərlərinin MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

Təlimdə dəmiryol qovşağının obyekt rəhbərləri, rayon və qovşaq Fövqəladə hallar komissiyasının üzvləri və MM qüvvələri iştirak ediblər. Hazırlıq işləri QSC-nin sədr müavini Qurban Nəzirovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib.

Bakı şəhər yük stansiyasının ərazisində keçirilən təlim-məşq toplantısı həyəcan siqnalının verilməsi ilə başlanıb. MM rəhbərləri Keşlə qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıb. Qərargah rəhbəri, Keşlə stansiyasının baş mühəndisi Rauf Hüseynov məlumat verib ki, şərti olaraq səhər saatlarında Bakı şəhəri ərazisində 6 bal gücündə zəlzələ baş verib. Keşlə dəmiryol qovşağında dağıdıcı zəlzələ təsirsiz ötüşməyib. Zəlzələ nəticəsində vaqonlar relsdən çıxıb və aşıb, yanğın baş verib. Baş verən zəlzələ nəticəsində Bakı şəhər yük stansiyasının ərazisində dayanmış vaqonlardan biri çevrilib, biri relsdən çıxıb, stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olub. Relsdən çıxmış vaqonda yanğın baş verib, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. Təhlükəsizlik komandasının ictimai asayişi mühafizə qrupu ərazini dərhal çəpərləyib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verilib.

Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirlərinə, manqa komandirləri öz növbəsində nəticələri mülki müdafiə rəhbərinə məruzə ediblər. Müvəqqəti rabitə bərpa edilib. Yanğından mühafizə qatarı əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar kənara çəkilib. Təcili tibbi yardım maşını əraziyə daxil olub, sanitar manqaları işə başlayıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və xərəklə tibb məntəqəsinə aparılıb.

"Fövqəladə Hallar Qatarı" MMC-nin bölmələri və digər bərpa qrupları müxtəlif istiqamətlərdən əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıblar. Yanğın tamam söndurulüb, relsdən çıxmış vaqon qaldırılıb. Yolun sıradan çıxmış hissəsi bərpa olunub. Bərpa işləri başa çatandan sonra hər bir qrup və manqa komandirləri MM Qərargah rəhbərinə məruzə ediblər.

Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki inspektorluğun Mülki Müdafiə üzrə texniki inspektoru İsa Xudiyev çıxış edərək qovşaq Mülki Müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.

Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki inspektorun müavini Bülbül Məmmədov, Yük daşımaları Departametinin baş mühəndisi Nəriman Nağıyev, yük şöbəsinin rəisi Zahid Rəcəbov, Mühafizə İdarəsinin rəis müavini Füzuli Cəfərov və qovşaqdakı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti