...

Hicran Hüseynova: Azərbaycanda ali təhsil müəssisələrinə daxil olan qızların sayı ildən-ilə azalır

Cəmiyyət Materials 11 Oktyabr 2012 12:23 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinə daxil olan qızların sayı ildən-ilə azalır. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.
Hicran Hüseynova: Azərbaycanda ali təhsil müəssisələrinə daxil olan qızların sayı ildən-ilə azalır

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ali təhsil müəssisələrinə daxil olan qızların sayı ildən-ilə azalır. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda qızların erkən yaşında ərə verilməsi problemi qızların təhsildən kənar düşməsinə səbəb olur.

Komitə sədri bildirib ki, Azərbaycanda erkən nikah halları daha çox maddi vəziyyəti nisbətən ağır olan və çoxuşaqlı ailələrdə müşahidə olunur. Həmçinin, çox imkanlı ailələr də mülkiyyətlərini qorumaq və artırmaq üçün qızlarını erkən nikaha sövq edirlər.

Hüseynovanın sözlərinə görə, ənənəvi dindarlığın və kəbin kəsdirmə meylinin get-gedə güclənməsini nəzərə alaraq, erkən nikahlar zamanı kəbindən istifadə edilməsinin qarşısını almaq lazımdır.

"Qafqaz Müsəlmanları İdarəsinin bu barədə xüsusi sərəncamına görə, nikah haqqında rəsmi şəhadətnamə olmadan mollanın kəbin kəsmək hüququ yoxdur. Buna baxmaqyaraq, hələ də 15-16 yaşlı qızlarla kəbin bağlanılır. İndi bu hallar nəinki ucqar kənd və rayonları, şəhərləri də əhatə edir", - Hüseynova deyib.

Onun sözlərinə görə, bununla bağlı Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutan maddə olsa da, indiyə qədər nikah yaşına çatmayan qızla ailə qurmağa görə cinayət məsuliyyətinə cəlb olunmaqla bağlı bir fakta da rast gəlinməyib.

Komitə sədri qeyd edib ki, erkən nikaha girən şəxslərin toy mərasimində bəzən rayon icra hakimiyyətinin və digər aidiyyəti qrumların nümayəndələri də iştirak edir və onlar bu faktların qarşısını almaq üçün heç bir tədbir görmürlər.

Hüseynova aidiyyəti qurumların nümayəndələrinə müraciət edərək erkən nikah problemi ilə ciddi mübarizə aparılmasının vacibliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti