...

Azərbaycanda müəllimlər üçün qiymətləndirmə bankı yaradılacaq

Cəmiyyət Materials 19 Oktyabr 2012 14:13 (UTC +04:00)
Azərbaycanda orta məktəblərdə yeni qiymətləndirmənin tətbiqi ilə əlaqədar şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi, yəni summativ qiymətləndirmə vasitələri bankı yaradılacaq.
Azərbaycanda müəllimlər üçün qiymətləndirmə bankı yaradılacaq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərdə yeni qiymətləndirmənin tətbiqi ilə əlaqədar şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi, yəni summativ qiymətləndirmə vasitələri bankı yaradılacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva deyib.

Onun sözlərinə görə, bu bank nazirliyin tövsiyələri əsasında yerli təhsili idarəedən orqanlar və məktəb müəllimlərindən ibarət xüsusi komissiya tərəfindən hazırlanacaq.

Şöbə müdiri bildirib ki, ənənəvi qiymətləndirmədə şagirdin biliyi kəmiyyətlə ifadə olunur. Amma yeni qiymətləndirmədə şagirdin bütün fəaliyyəti izlənilir və onun sözlə təsviri qiyməti verilir.

"Şagirdlərin bacarıqlarının ən aşağı və ən yüksək mərhələləri var. Tutaq ki, oxumağın ən aşağı səviyyəsi heca-heca oxumaq, orta mərhələsi cümlələri oxumaq, yüksək səviyyəsi mətni bütünlüklə ifadəli oxumaqdır. Biz də bankı ona görə yaradırıq ki, şagirdin nailiyyətini yoxlayan tapşırıqlar mexaniki şəkildə hazırlanmasın. Şagirdlərin bütün bacarıqlarının asan, orta, yüksək mərhələləri də əhatə olunmaqla qiymətləndirmə vasitələri yaradılsın", - Hacıyeva bildirib.

Şöbə müdiri deyib ki, qiymətləndirmə zamanı şagirdin müəyyən bacarıqları da nəzərə alınmalıdır. İndiyədək hər bir məktəbdə müəllimlər bacarıqların yoxlanılması vasitələrini özləri hazırlayıblar. Amma bu məsələ vahid mərkəzdən idarə olunmadığı üçün həmin bacarıqların nə dərəcədə əhatə edilməsi, hansı formada olması ilə bağlı müəyyən çatışmazlıqlar ola bilər. Buna görə də artıq bu işdə özünü doğruldan müəllimlərin iştirakı ilə şagirdlərin bütün bacarıqları üzrə və onların bütün mərhələlərini ifadə edən qiymətləndirmə vasitələri yaradılmalıdır. Müəllimlər qiymətləndirmə zamanı bu bankdan istifadə edə biləcəklər.

Onun sözlərinə görə, bankın yaradılmasının məqsədlərindən biri də müəllimlər üçün qiymətləndirmə zamanı yarana bilən çətinlikləri aradan qaldırmaqdır. Artıq yeni kurrikulumun tətbiq olunduğu siniflərdə müəllimlər bu vasitələrdən istifadə etməklə qiymətləndirməni tətbiq edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti