...

Zaqatalada qəzalı məktəb binaları ilə bağlı rəy açıqlanıb, rayondakı bəzi məktəblərdə tədris bərpa edilib

Cəmiyyət Materials 19 Oktyabr 2012 13:51 (UTC +04:00)
Oktyabrın 14-də baş vermiş zəlzələlərdən sonra mütəxəssislər Zaqatala rayonunda zərər çəkmiş binalara baxış keçiriblər.
Zaqatalada qəzalı məktəb binaları ilə bağlı rəy açıqlanıb, rayondakı bəzi məktəblərdə tədris bərpa edilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 14-də baş vermiş zəlzələlərdən sonra mütəxəssislər Zaqatala rayonunda zərər çəkmiş binalara baxış keçiriblər.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov cümə günü Trend-ə bildirib ki, ilkin olaraq məktəb binalarına baxış keçirilib və onlarla bağlı rəy müəyyənləşdirilib.

Qeyd edək ki, oktyabrın 14-də baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşdüyü üçün 2 orta məktəbdə tədris dayandırılmış, 5 orta məktəbdə isə məhdudlaşdırılmışdı, bütün bağçalar isə bağlanılmışdı.

Ramazanov deyib ki, müvafiq komissiya baxış keçirdikdən sonra zəlzələdən zərər çəkmiş həmin 7 məktəb binasından yalnız biri qəzalı hesab edilib. Yaxın günlərdə həmin məktəbin şagirdləri digər binalarda yerləşdirilməklə dərsə başlaya biləcəklər. Qalan 6 məktəbdə isə bərpa-gücləndirmə və təmir işlərinin aparılması lazımlı bilinib və burada tədrisin aparılması məqsədəuyğun sayılıb. Artıq həmin məktəblərdə tədris prosesi başlayıb.

Komissiya sədri bildirib ki, yaxın 1-2 gün ərzində rayondakı məktəbəqədər təhsil müəssisələrinə baxışın keçirilməsinə başlanacaq. Baxış keçirilənə qədər isə bu müəssisələrdə təlim-tərbiyə işləri bərpa edilməyəcək.

Ramazanov deyib ki, əhali tərəfindən 3000-dən çox fərdi evə baxış keçirilməsi üçün müraciət edilib. Həmin evlərə yalnız məktəbəqədər təhsil müəssisələrindən sonra baxış keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti