...

Azərbaycanın orta məktəblərində cinsi tərbiyə üzrə dərslərin keçiriləcəyi gözlənilir

Cəmiyyət Materials 29 Oktyabr 2012 14:33 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində cinsi tərbiyə üzrə dərslərin keçiriləcəyi gözlənilir.
Azərbaycanın orta məktəblərində cinsi tərbiyə üzrə dərslərin keçiriləcəyi gözlənilir

Azərbaycan, Bakı, 29 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın orta məktəblərində cinsi tərbiyə üzrə dərslərin keçiriləcəyi gözlənilir. Trend-in məlumatına görə, bu məsələ "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanuna ediləcək əlavədə öz əksini tapacaq.

Qanuna əlavəni şərh edən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Elmira Axundova bazar ertəsi Trend-ə bildirib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların mütləq şəkildə cinsi tərbiyəsi aparılmalıdır.

Onun sözlərinə görə, bu mövzuda dərsliklər məktəblərin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmalıdır və ancaq cinsi tərbiyəni deyil, ailə planlaşdırılmasını da özündə əks etdirməlidir.

"İnsanları yeniyetmə yaşından gələcəkdə ailə qurmaq vəziyyətinə hazırlamaq lazımdır. Hazırda Azərbaycanda bir çox gənclər ailə qurarkən ailə həyatına tam hazırlıqsız olurlar. Bu da xüsusən özünü rayon, kənd yerlərində büruzə verir", - deputat deyib.

Axundova qeyd edib ki, məktəbdə cinsi tərbiyə çox həssaslıqla aparılmalıdır. "Xarici ölkələrdə uşaq bağçasından bu tərbiyə başlanılır. Çünki hər yaş kateqoriyasının öz seksual problemləri var", - o vurğulayıb.

Millət vəkili hesab edir ki, məktəblərdə xüsusi psixoloqlar mürəkkəb cinsi məsələlərin maarifləndirilməsini aparmalıdırlar, çünki bu həm tibbi, həm mənəvi-psixoloji, həm də fiziki problemdir.

"Hazırda tez-tez savadsızlıq nəticəsində ruhi xəstə, əlil, narkoman gəncləri evləndirirlər və bu da çoxsaylı bədbəxt ailələrin qurulmasına gətirib çıxarır. Bu problemi azaltmaq üçün mütləq cinsi tərbiyə olmalıdır", - Axundova vurğulayıb.

"Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanuna hazırlanan əlavəyə görə, yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıqlarının qorunması və ailə həyatına hazırlıq məqsədilə cinsi tərbiyə və təhsili ailədə, habelə müvafiq təhsil proqramlarına əsasən təhsil müəssisələrində xüsusi hazırlıq keçmiş şəxslər tərəfindən həyata keçirilməlidir.

Qanun layihəsində qeyd olunur ki, yetkinlik yaşına çatmayanlar üçün cinsi tərbiyə və reproduktiv sağlamlığın qorunması, onların ailə həyatına hazırlanması üzrə təhsil proqramları işlənib hazırlanarkən onların cins, yaş, psixofiziki inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır.

MM-in Sosial siyasət komitəsi tərəfindən hazırlanan layihədə bildirilir ki, dövlət orqanları yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıq xidmətlərindən istifadə etmələri üçün zəruri şəraitin yaradılmasını, onların müstəqil ailə həyatına hazırlanması üçün maarifləndirmə işinin aparılmasını təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti