...

Azərbaycanda mülki silahın saxlanılması qaydalarının pozulmasına görə cərimələr artırıldı

Cəmiyyət Materials 2 Noyabr 2012 15:31 (UTC +04:00)
Azərbaycanda mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə də cərimələr artırılır.
Azərbaycanda mülki silahın saxlanılması qaydalarının pozulmasına görə cərimələr artırıldı

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə də cərimələr artırılır.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin bu inzibati xətaya dair hissəsinə dəyişikliklər müzakirə edilib.

Həmin dəyişikliklərdə müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə cərimənin məbləği 50-70 manat (hazırda 25-35 manatdır) təklif olunur.

Mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə cərimənin məbləği 80-100 manat (hazırda 30-40 manatdır) təklif olunur.

Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi və ya məhv edilməsi qaydalarının pozulmasına görə 80-100 manat (hazırda 10-25 manat) cərimə təklif olunur.

Qanun layihəsi Milli Məclisin iclasında müzakirə edilərək qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti