Azərbaycan, Bakı, 15 noyabr /Trend/
ARDNŞ torpaq mübahisələri ilə bağlı müvafiq məhkəmələrə 15 mindən çox iddia təqdim edib. Bu iddialar təkcə Səbail rayonunu (Bibiheybət yatağı) deyil, neft-qaz əməliyyatları üçün nəzərdə tutulmuş digər əraziləri də əhatə edir.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Dövlət Neft Şirkəti təkcə son bir neçə il ərzində Səbail rayon məhkəməsinə 2000-dək, Sabunçu rayon məhkəməsinə 6321, Xətai rayon məhkəməsinə 444, Nizami rayon məhkəməsinə 179, Binəqədi rayon məhkəməsinə 5000-ə qədər torpaq mübahisələri ilə bağlı iddia təqdim edib.
"ARDNŞ tərəfindən qaldırılan iddialar ayrı-ayrı şəxslərə deyil, torpaq sahələrində aparılan bütün qanunsuz tikililərə qarşı yönəlib", - şirkətin məlumatında deyilir.
ARDNŞ bir daha bəyan edir ki, neft-qaz əməliyyatları üçün onun istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində bu qəbildən olan hüquq pozuntularına qarşı qətiyyətli tədbirlərini bundan sonra da davam etdirəcək. Bu məsələdə vəzifəsinə görə heç kəsə güzəşt edilməyəcək, üstünlük verilməyəcək. Həmin istiqamətdə aparılan tədbirlərin aşkarlığı təmin edilməklə cəmiyyətdə çaşqınlıq yaradılmasının qarşısı alınacaq, qanuni proseslərə təsir göstərilməsinə yol verilməyəcək.