...

Xaricə gedən Azərbaycan turistləri üçün yeni imkan

Cəmiyyət Materials 29 Noyabr 2012 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Turizm şirkətlərinin xətti ilə Azərbaycandan xarici ölkələrə gedən turistlərimiz öz səfərlərini daha rahatlıqla başa vura biləcəklər.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov cümə axşamı Trend-ə bildirib ki, turistlər hər hansı ölkəyə gedəndə onların səfərləri müddətində turizm şirkətləri müflis ola və xərcləri ödəməyə bilər. Amma yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində turizm müəssisələrini turoperator və turizm şirkətlərinə bölməklə bu problemin həlli təklif edilir. Turoperatorların yaranması nəticəsində turizm şirkətlərinin məsuliyyəti artacaq, turoperator müflis olduqda isə turistlərlə bağlı yaranan bütün problemlər bank zəmanəti əsasında həll ediləcək, turistlərin bütün xərcləri ödəniləcək.

"Əgər yerli vətəndaşlar səfərə gedəndə onu Azərbaycandan göndərən şirkət müflis olarsa, turistimiz çöllərdə qalmayacaq. Bu zəmanətdən istifadə ediləcək. Onun hesabına turistlərin xərcləri kompensasiya ediləcək", - Bağırov deyib.

O qeyd edib ki, turizm müəssisələri turoperator və turizm şirkətlərinə bölündükdən sonra normal, yəni bazarda özünü tanıtmış, iş təcrübəsi olan şirkətlər turoperator ola biləcəklər. Ancaq turoperator birbaşa turistlə işləyə bilməz. O, yalnız turizm şirkəti vasitəsilə öz məhsulunu sata biləcək.

"Turoperator çarter reysləri təşkil edir və başqa turizm şirkətlərinə paket təqdim edir. Yerli turizm şirkətləri də o paketi alır və vətəndaşlara satır. Turoperator olmaq üçün müəssisə dövlət tərəfindən qoyulmuş müəyyən kriteriyalara cavab verməlidir", - AzTA sədri qeyd edib.

O bildirib ki, Türkiyədə turizm şirkətləri A, B və C kateqoriyalarına bölünür. Şirkətlər bu kateqoriyalara uyğun fəaliyyət göstərirlər.

Bağırovun fikrincə, Azərbaycan turizm şirkətlərini kateqoriyalara bölməkdənsə, onların turoperator və turizm şirkətlərinə bölünməsi daha düzgündür.

Ümumilikdə isə Bağırov belə hesab edir ki, "Turizm haqqında" yeni qanun layihəsində turizm şirkətləri üçün çox xeyirli olan bir sıra məsələlər öz əksini tapıb. Layihə qüvvəyə mindikdən sonra turizm şirkətləri üçün çox yaxşı şərait yaranacaq.

Qeyd edək ki, "Turizm haqqında" yeni qanun layihəsi artıq ictimaiyyətin müzakirəsinə verilib. Layihə rəy və təkliflərin bildirilməsi üçün Ümumdünya Turizm Təşkilatına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti