Çingiz Hüseynzadə: İlk Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi hadisədir

Cəmiyyət Xəbər 8 Dekabr 2012 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/

İlk dəfə baş tutacaq Avropa Oyunlarının məhz Bakıda keçirilməsi tarixi hadisədir. Bunu Romadan telefonla Trend-ə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

"Bu qərar Azərbaycan üçün çox böyük uğurdur. İlk dəfə keçirilən Avropa Oyunlarının məhz Bakıda keçirilməsi tarixi hadisədir. Çox çalışırdıq ki, bu işi həyata keçirək və bu gün artıq buna nail olduq. Bu, Azərbaycan xalqının, Azərbaycan Prezidenti İlham Əliyevin qələbəsidir, çünki o, həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir", - Hüseynzadə bildirib.

Onun sözlərinə görə, Avropa Oyunlarına daxil ediləcək idman növlərinin siyahısı hələ ki dəqiqləşməyib. "İdman növlərinin sayının 15 olacağı gözlənilir. Cüdo, taekvondo, badminton, triatlon, həndbol, voleybol kimi idman növlərinin təmsil olunması dəqiqdir, digərləri isə hələ dəqiqləşməyib, onların da adı yaxın vaxtlarda müəyyən olunacaq", - MOK-un vitse-prezidenti deyib.

Hüseynzadə qeyd edib ki, yaxın günlərdə Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılacaq və komitə Olimpiya şəhərciyi və digər məsələlər üzrə planları müəyyənləşdirəcək.

Qeyd edək ki, bu gün Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edilib. Səsvermə nəticəsində Avropa Oyunlarının Bakıda keçirilməsi müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti