...

DSX: Dənizə çıxan balıqçıların xilasetmə tədbirləri üçün bütün avadanlıqları olmalıdır

Cəmiyyət Materials 14 Dekabr 2012 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend müxbir K.Zərbalıyeva/

Dənizə çıxan hər balıqçı gəmisinin xilasetmə tədbirləri üçün bütün avadanlıqları olmalıdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Fərhad Tağızadə deyib.

O bildirib ki, hər bir balıqçı gəmisi dənizə çıxarkən müvafiq sənədlər təqdim edir və o sənədlər əsasında dənizə buraxılır.

"Hava şəraitindən asılı olaraq onların xilas olunmasına ehtiyac yaranır. Hər bir gəminin dənizə çıxarkən ilkin xilasetmə tədbirləri görmək üçün bütün avadanlıqları olmalıdır. Özləri xilasetmə tədbirləri görə bilməyəndə Dövlət Sərhəd Xidməti bu məsələyə müdaxilə edir", - Tağızadə deyib.

Rəis müavininin sözlərinə görə, balıqçılara müəyyən ərazilərdə balıq tutmağa icazə verilir. "Balıqçı gəmilərinin sərhədi pozub başqa ölkə ərazisinə keçməsi onlar üçün məsuliyyət yaradır və onlar da bu barədə təlimatlandırılırlar", - o, deyib.

Türkiyənin yeni vahid sərhəd mühafizə xidmətinin yaradılması ilə əlaqədar Azərbaycanın göstərə biləcəyi yardım barədə sualı cavablandıran Tağızadə bildirib ki, lazım gələrsə, DSX bu işdə öz təcrübəsini Türkiyə ilə bölüşməyə hazırdır.

"Sərhəd mühafizə sisteminin yaradılmasında Azərbaycan geniş təcrübəyə malikdir. DSX yeganə qurumdur ki, həm quru, həm dəniz, həm də nəzarət buraxılış məntəqələrində sərhədlərin təhlükəsizliyinə nəzarət edir, onun səmərəli mühafizəsini həyata keçirir. Türkiyədə isə bizdən fərqli olaraq sərhədlərin mühafizəsini bir neçə qurum həyata keçirir. Türkiyə dövlət sərhədlərinin mühafizəsi üçün Azərbaycan təcrübəsindən yararlanaraq bu sahədə yeni bir qurum yarada bilər", - DSX rəsmisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti