...

Bakıda sakinlər ağacların kəsilməsinə etiraz ediblər

Cəmiyyət Materials 7 Yanvar 2013 15:15 (UTC +04:00)
Bakı sakinləri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsindəki 81, 77 və 73 saylı binaların arasında (keçmiş "Qələbə" kinoteatrının yaxınlığında) yerləşən bağdakı ağacların kəsilməsindən şikayət ediblər.
Bakıda sakinlər ağacların kəsilməsinə etiraz ediblər

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakı sakinləri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsindəki 81, 77 və 73 saylı binaların arasında (keçmiş "Qələbə" kinoteatrının yaxınlığında) yerləşən bağdakı ağacların kəsilməsindən şikayət ediblər.

Sakinlərin Trend-ə verdiyi məlumata görə, bu bağda ərazidə yaşayan yaşlılar, uşaqlar istirahət edirlər. Hər tərəfdən ağaclarla dövrələnmiş bağdakı ən yaşlı ağacın 40-45 yaşı olduğu bildirilir.

Bağdakı küknar, iri gövdəli akasiya ağaclarının hamısı kəsilib və kökündən çıxardılıb.

"Akasiya ağacı qoruyucudur, bu ağac təxminən 40 kvadrat metr sahədə olan zərərli maddələri zərərsizləşdirir. Görün, bu ağacların nə qədər əhəmiyyəti var idi, ancaq onların hamısı kəsildi",- sakinlər deyiblər.

Onlar əlavə ediblər ki, ərazidə iş aparmaq istəyənlər sakinləri bağın yerində hansı işlərin aparılacağı barədə də məlumatlandırmaq istəməyiblər. Ancaq sakinlər həmin bağın yerində ya yüksəkmərtəbəli binanın, ya da hansısa obyektin inşasının gözlənildiyini deyiblər.

Sakinlərin sözlərinə görə, onlar bu hadisə ilə əlaqədar şikayət etsələr də, bunun nəticəsi olmayıb, əraziyə hər dəfə polislər çağırılıb.

Şikayətçilər bildiriblər ki, həmin bağın yerinə başqa yerdə bağın salınacağı bildirilib. Bağın 77- saylı binanın qarşısında olacağı deyilib. Ancaq həmin bağ üçün seçilən yer də sakinləri qane etmir.

Trend-in müraciətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri məsələni araşdırmaq üçün hadisə yerində olublar. Nazirlikdən Trend-ə bildirilib ki, həmin ərazidə Yasamal rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi ev tikilir. Əraziyə cavabdeh olan Mənzil İstismar Sahəsinin rəhbərliyi evin tikilməsi üçün sərəncamın ETSN nümayəndələrinə yaxın 2 gün ərzində təqdim ediləcəyini bildirib.

Nazirlikdən deyilib ki, bu sərəncam təqdim edildikdən sonra ərazidə ağacların hansı əsaslarla kəsildiyi araşdırılacaq. Qanunsuz əməllər aşkarlanarsa, müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti