...

Azərbaycanda gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanıb

Cəmiyyət Materials 15 Yanvar 2013 10:26 (UTC +04:00)
Azərbaycanda 2013-cü ildə gənclərin sosial təminatının gücləndirilməsi sahəsində qanunvericiliyə dəyişikliklər ediləcək.
Azərbaycanda gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanıb

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycanda 2013-cü ildə gənclərin sosial təminatının gücləndirilməsi sahəsində qanunvericiliyə dəyişikliklər ediləcək.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsindən Trend-ə bildirilib ki, qurum tərəfindən "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər hazırlanıb.

Dəyişikliklərdə sosial ipotekanın şərtlərinin asanlaşdırılması, internat və uşaq evlərindən olan məzunların yaşayış və işlə təmin edilməsi sahəsində mexanizmlərin təkmilləşdirilməsi, emalatxanaların, sərgi salonlarının gənclərə imtiyazlarla verilməsi və bir sıra digər məsələlər öz əksini tapıb.

"Gənclər siyasəti haqqında" qanunun təkmilləşdirilməsi üçün BMT-nin texniki dəstəyi ilə Azərbaycana beynəlxalq ekspertlər dəvət edilib və onların dəstəyi ilə qanun yenidən təhlil edilib.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı hazırlanan dəyişikliklər artıq bütün müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Millət vəkili Fuad Muradov da Trend-ə açıqlamasında gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı artıq fevral ayından başlayaraq Milli Məclisdə müzakirələrin aparılacağını bildirib. O qeyd edib ki, qanunvericilik gənc ailələrə dövlət tərəfindən dəstəyin artırılması istiqamətində təkmilləşdirilməlidir.

Eyni zamanda, deputat vurğulayıb ki, qanunvericiliyə edilən dəyişikliklərin yerli icra orqanları tərəfindən həyata keçirilməsində problemlər yaşanır.

"İcra orqanları gənclər sahəsində qəbul olunan qanunları həyata keçirməyə məcbur edilməlidir. Əks halda gənclərlə bağlı təşəbbüslərin, görülən işlərin nəticəsi istənilən səviyyədə olmayacaq", - Muradov deyib.

Qeyd edək ki, Azərbaycanda "Gənclər siyasəti haqqında" qanun 2002-ci ildə qəbul olunub. 2007-ci ildə "Gənclər ili" çərçivəsində qanuna bir sıra dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti