...

Azərbaycanda ordu, media, cəmiyyət münasibətləri müzakirə edilib

Cəmiyyət Materials 16 Yanvar 2013 14:20 (UTC +04:00)
Ermənistan Azərbaycanla yarışmada rəqabətə davam gətirə bilmir və hərbi əməliyyatlar başlayacağı tədqirdə Azərbaycana uduzacağı birmənali görünür.
Azərbaycanda ordu, media, cəmiyyət münasibətləri müzakirə edilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ermənistan Azərbaycanla yarışmada rəqabətə davam gətirə bilmir və hərbi əməliyyatlar başlayacağı tədqirdə Azərbaycana uduzacağı birmənali görünür. Trend-in məliumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin "Ordu, media, cəmiyyət münasibətləri bu gün" mövzusunda keçirdiyi "dəyirmi masa"da deyib.

Mirzəzadə qeyd edib ki, bu il Azərbaycan Ordusuna 3,7 milyard dollar vəsait ayrılacaq və bu, daha yeni silahların alınmasına, ordunun müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə və s. işlərə xərclənəcək. Bununla da Azərbaycan dövləti özünün müdafiə qabiliyyətini maksimum səviyyədə gücləndirəcək.

"Bildiyiniz kimi, dünən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında cənab Prezident İlham Əliyev ordu ilə bağlı əhəmiyyətli məqamlara toxunub və bildirib ki, dövlət ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordunun qüdrətlənməsinə böyük diqqət yetirir", - Mirzəzadə deyib.

Deputat qeyd edib ki, şübəhiz ki, Azərbaycanın bu uğurları, hərbi qüdrəti ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tez-tez yazılar verirlər və çox təəssüf ki, bunların arasında qarayaxmalar da olur.

"Onları diqqətlə araşdırdıqda arxasından Azərbaycana qarşı düşmən mövqedə olan erməni millətçi təşkilatlarının rolu olduğunu görürük", - Mirzəzadə qeyd edib.

Millət vəkili bildirib ki, təqribən 2 həftə bundan əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan müsahibə verərkən Azərbaycanın hərbi qüdrətinin artması müqabilində Ermənistanın bu hərbi yükü çəkmək qabiliyyətində olmadığını və müharibə başlayarsa, Ermənistanın mütləq öz müttəfiqlərinə müracət edəcəyi ilə bağlı fikir səsləndirib.

Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü faktına toxunan Mirzəzadə qeyd edib ki, əlbəttə, bu, böyük bir faciədir və bu hadisə hər birimizi sarsıtdı.

"Bununla bağlı istintaq işi gedir və hesab edirəm ki, obyektiv nəticələr ilə yekunlaşacaq, günahkarlar cəzalandırılacaq. Lakin son 10 gün ərzində orduya qarşı müəyyən qüvvəllər ordunu gözdən salmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Həmin şəxslərin ordu ilə bağlı heç bir təsəvvürü yoxdur və bu hadisədən özlərinin siyasi maraqları üçün bir alət kimi istifadə edirlər", - millət vəkili deyib.

Tədbirdə çıxış edən Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli deyib ki, Azərbaycan bütün sahələrdə illərdir ki, sürətlə inkişaf edir, o cümlədən ordu quruculuğunda böyük addımlar atılıb.

O qeyd edib ki, Azərbaycan dövlətinin rəhbəri məqsədyönlü siyasət aparır və bu siyasət öz nəticəsini verir.

Həsənli bildirib ki, Ceyhun Qubadovun vəfat etməsi Azərbaycanın hər bir vətəndaşını sarsıtdı, bu tək bir ailənin deyil, ümumilikdə dövlətin, millətin itkisidir.

"Təəssüf ki, bəzi qüvvələr bundan siyasi məqsədlər üçün istifadə edir və Azərbaycanın Silahlı Qüvvələrini gözdən salmaq istəyir", - Həsənli deyib.

O qeyd edib ki, dünyanın ən müasir orduları belə bu cür hadisələrdən sığortalanmır.

Tədbirdə çıxış edən digər iştirakçılar da bu cür hallardan siyasi məqsədlər üçün istifadə olunmasını pisləyib və Azərbaycan cəmiyyətini bu kimi çirkli kampaniyalara inanmamağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti