...

Misirin aparıcı qəzetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar məqalə dərc edilib

Cəmiyyət Materials 16 Yanvar 2013 15:27 (UTC +04:00)
Misirin aparıcı qəzetlərindən olan və geniş oxucu kütləsinə malik olan "Youm7" qəzetində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin məqaləsi dərc edilib.
Misirin aparıcı qəzetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar məqalə dərc edilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Misirin aparıcı qəzetlərindən olan və geniş oxucu kütləsinə malik olan "Youm7" qəzetində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin məqaləsi dərc edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə 20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu yazan səfir Misirdə baş vermiş 25 yanvar 2011-ci il hadisələri ilə müqayisə apararaq, Misir ordusundan fərqli olaraq, XI Qızıl ordunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişinə qarşı ağır texnikadan və iri çaplı odlu silahlardan istifadə etdiyini vurğulayıb.

Azadlıq və müstəqillik istəyi ilə bərabər, müəllif Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi şəkildə qovulmasının və bu kimi vəhşiliklərin müqabilində Sovet rəhbərliyinin etinasızlığının da 20 Yanvar ərəfəsində Azərbaycan xalqının haqlı narazılığına səbəb olan amillər sırasında olduğunu oxucuların diqqətinə çatdırıb.

O zaman sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədinin Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi, 700-dən artıq insanın isə yaralandığı barədə məlumat verən səfir qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu qeyd edib.

"Human Rights Watch" və digər beynəlxalq təşkilatların hesabatlarında sovet rəhbərliyinin bu qanlı cinayətkar əməlinə qiymət verildiyini xatırladan Abdullayev 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının azadlıq və müstəqillik əzminin daha da gücləndiyini və nəticə etibarilə, Azərbaycanın öz müstəqilliyinə yenidən qovuşduğunu bildirib.

Müəllif müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşməsinə və torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan xalqının müstəqil, demokratik və firavan dövlət qurmaq əzminin heç zaman büdrəmədiyini qeyd edərək, oxuculara Azərbaycanın bu gün öz inkişaf göstəricilərinə görə regionun aparıcı və lider dövləti olduğu barədə ətraflı məlumat verib.

20 Yanvar faciəsi ilə əlaqədar səfirlik tərəfindən Misir mətbuatında silsilə yazıların nəşr etdirilməsi, Misirin aparıcı televiziya kanallarında verilişlərin təşkil olunması və anım mərasiminin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti