Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir T.Cəfərov/
Təbriz Tibbi Araşdırmalar Univesitetinin tədqiqatçıları "MS" xəstəliyini 100 faiz sağalda biləcək bitki mənşəli dərman preparatı hazırlayıblar. Bu barədə Trend İran televiziyasına istinadən məlumat verir.
Yeni dərman "MS Nut" (Nutrition) adlanır. Dərman xüsusi bir bitkinin yağından şərbət formasında hazırlanıb. İranın Təbriz Universitetinin tədqiqatçıları iki il yarım ərzində dərmanın hazırlanması üzərində işləyiblər. Preparat indiyədək 100 nəfərdən çox "MS" xəstəsinin üzərində sınaqdan keçirilib. Onlardan 65 nəfəri artıq müalicə müddətini başa vurub. Xəstələr tam sağalıb, lakin bəzilərində xəstəlik dövrü daha uzun müddət olduğu üçün nisbətən sağalıblar.
Məlumata əsasən, "MS Nut" dərman preparatı ilə müalicə müddəti altı aydan bir ilə qədərdir.
Artıq dərman İranda kəşflər lisenziyasını alıb və yaxın zamanlarda ölkənin Səhiyyə Nazirliyinin icazəsi ilə geniş miqyasda istehsalına başlanacaq.
İran KİV-in məlumatına görə, İranda "MS" xəstəliyinə yoluxanların sayı artıb. Xəstəliyin geniş yayılmasına ekoloji amillərin səbəb olduğu ehtimal edilir. Hazırda ölkədə 50 000 nəfər "MS" xəstəsi var. Məlumatda bildirilir ki, "MS" xəstəliyinin artma halı bu cür davam edərsə, növbəti 10 il ərzində hər bir iranlı ailəsində bir "MS" xəstəsi olacaq.
Qeyd edək ki, "MS" xəstəliyi beyindəki və onurğa iliyindəki sinirlərin köhnəlməsi və pozulması ilə ortaya çıxan, görmədə bulanıqlıq, keçici görmə itkisi, qolda və ya ayaqda gücsüzlük, gedişdə balanssızlıq, əllərdə titrəmə, danışmada pozuqluq kimi əlamətləri olan, immun sistemindən qaynaqlanan və birbaşa mərkəzi sinir sisteminə təsir edən xəstəlikdir.