...

Bu ildən ictimai nəqliyyatda kart sistemi Gəncədə də tətbiq olunacaq

Cəmiyyət Materials 17 Yanvar 2013 02:09 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi bu ildən ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqi üzrə işlərə başlayır.
Bu ildən ictimai nəqliyyatda kart sistemi Gəncədə də tətbiq olunacaq

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi bu ildən ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqi üzrə işlərə başlayır. Artıq nazirlik müvafiq idarələrə avtobuslarda kart sisteminin aktivləşdirilməsi və sürətləndirilməsi prosesi ilə bağlı bütün zəruri tapşırıqlar verib.

"Azericard" prosessinq mərkəzi də sistemin tətbiqi üçün hazırlıq işləri görür. Paytaxtla bərabər yeni sistemin Gəncə şəhərində də tətbiqi nəzərdə tutulub. Nağdsız ödəniş sisteminə sürətlə keçid edən ölkəmizdə bu sahədə növbəti addım ictimai nəqliyyatda kart ödəniş sistemin tətbiq edilməsidir. Artıq cari ilin birinci yarısına qədər avtobuslarda rahatlıqla kartla ödəniş etmək mümkün olacaq. Bu barədə Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Xidmətin rəhbəri Namiq Həsənovun dediyinə görə, sistemin tətbiqi üçün hazırlıq işləri gedir.

"İlk 3 ayda biz sistematik olaraq çox sürətli şəkildə hazırlıq prosesi aparacağıq. Yəni nağd ödəniş sistemi yavaş-yavaş aradan qalxacaq. Düzdür hələ ki, hər ikisi eyni vaxtda mövcud olacaq ki, kartı olmayan nağd ödəyə biləcək", o bildirib.

Yeni sisteminin təşkili barədə "Azericard" prosessinq mərkəzi də münasibət bildirib. Məlumata görə, artıq mərkəz bu sistemin tətbiqi üçün hazırlıq işləri görür. Gələcəkdə bütün növ kartların sistemdə çalışması planlaşdırılır. "Biz müvafiq işlər görürük ki, bütün xidmət olunan banklar bu imkanlardan istifadə edə bilsin. Yəni nəqliyyatda kartla ödəniş olsa bizim kartlar onları dəstəkləsin. Bunun üzərində artıq iş aparılır", "Azericard"ın biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.

Sistemin tətbiqi üçün gərəkli olan turniketlərin və kartların hesablanması üzrə aparatların, bəzi ərazilərdə yükləmə üzrə terminalların quraşdırılması, kartların sifarişi, ictimai nəqliyyatdan çıxış və giriş sistemlərinin müəyyənləşdirilməsi kimi texniki problemlərin həlli ilin birinci yarısına planlaşdırılır. Ancaq Namiq Həsənov ümumu işin zaman alacağını bildirib. "Onun üçün köşklərdə, metro stansiya çıxışlarında, avtobus dayanacaqlarında xüsusi pos-terminallar quraşdırılacaq və istənilən şəxs asanlıqla kartını yükləyəcək. Bu il tətbiq olunacaq. Yəqin ki, ilin birinci yarısına qədər yekunlaşar. Bəzən bizə deyirlər ki, niyə sistemin tədbiqinə tələsmirsiniz. Bu bir az çətindir, çünki yüzlərlə avtobusa quraşdırılması, eyni zamanda sistemin işləməsi məsələsi var. Bu elektron sistemdi, elə edilməlidir ki, nə sürücünün, nə də sərnişinin problemi olmasın", - o deyib.

Planlaşdırılan sistemin Gəncə şəhərində tətbiq ediləcəyi gözlənilir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev bildirib ki, gələcəkdə Gəncə və Sumqayıt şəhərlərində də tətbiq olunması nəzərdə tutulub. "Yəqin ki, bunun müsbət təsirini öz şəhərimizdə görəcəyik, sərnişinlərin də narazılıqların və müəyyən neqativ söz-söhbətlərin aradan qalxmasına səbəb olacaq", - o deyib.

Mütəxəssislər bildirir ki, ictimai nəqliyyatda kart sisteminin tətbiqi insanların rahatlığı və ödəmə zamanı yaranan sıxıntıların aradan qalxması üçün uğurlu addımdır.



Məqalədə:
Xəbər lenti

Xəbər lenti