...

Bakıda avtobusu sərxoş halda idarə edən sürücülər saxlanılıb

Cəmiyyət Materials 4 Fevral 2013 18:20 (UTC +04:00)
Yol polisinin Bakıda apardığı reydlər zamanı 3 sürücünün avtobusu sərxoş halda idarə etdiyi müəyyən olunub.
Bakıda avtobusu sərxoş halda idarə edən sürücülər saxlanılıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Yol polisinin Bakıda apardığı reydlər zamanı 3 sürücünün avtobusu sərxoş halda idarə etdiyi müəyyən olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Trend-ə bildirdiyinə görə, Bakı şəhər İdarə tərəfindən paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə, gecələr sərxoş sürücülərə qarşı mübarizəni, gündüzlər isə sərnişindaşımada nizam-intimazı gücləndirmək məqsədilə yaradılmış xüsusi işçi qrupunun avtobuslarla bağlı reydləri nəticəsində 46 avtobus cərimə meydançasına aparılıb.

Reydlər zamanı avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən qeyri-qanuni zəbt edilməsi faktları da aşkarlanıb və 56 sürücüyə inzibati protokol tərtib edilib. Bunlardan 4 nəfərinə təkrarən inzibati prokotol tərtib edilib.

Reydlər zamanı 3 sürücü barəsində sərnişinlərlə dolu avtobusun yanacaqdoldurma stansiyasına daxil olmasına görə, 3 sürücü barəsində avtobusu sərxoş halda idarəetməyə, 14 sürücü barəsində işıqforun qırmızı işığında keçməyə, 96 sürücü barəsində avtobus dayanacaqlarından kənarda, yolların hərəkət hissəsində 2-ci cərgədə dayanaraq sərnişinlərin düşüb-minməsinin təmin edilməsinə, 38 sürücü barəsində yolayrıcını qanunsuz keçməyə, 27 sürücü barəsində isə qoşa xətti tapdaladığına görə inzibati qaydada protokol tərtib edilib.

Bundan əlavə, yol hərəkəti qaydalarını mütəmadi pozmaları səbəbindən 12-dən artıq bal topladığına görə 4 avtobus sürücüsü sürücülük hüququndan məhrum ediib.

Bölmə rəisi bildirib ki, xüsusi işçi qrupu tərəfindən keçirilən bu reydlər mütəmadi olaraq davam etdiriləcək.

Bundan əlavə, qanunun tələbinə zidd olaraq istehsalçı zavodun müəyyən etdiyi arxa qazan-səsboğucu sisteminin (qluşitel) konkstruksiyasında dəyişiklik edərək avtomobilin pedalı ilə hərəkətə gətirilən zaman yüksək səslərin çıxarılması ilə bağlı son 3 gündə 66 fakt aşkar edilib.

"Avtomobil sahiblərindən və sürücülərindən xahiş edirik ki, diqqətli olsunlar. İstənilən markalı avtomobilin səsboğucu sisteminin konkstruksiyasına dəyişiklik etmək olmaz. Belə hallar, ilk növbədə, qanunun tələbinin pozulmasıdır, ikincisi isə bunun nəticəsində çıxarılan yüksək səs paytaxt sakinlərinə narahatlıq yaradır. Belə gurultulu səs insan sağlamlığına mənfi təsir edən amillərdəndir", - bölmə rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti