...

Ağdaşda iki ay əvvəl baş vermiş ağır cinayətin təfərrüatları açıqlandı

Cəmiyyət Materials 4 Fevral 2013 18:47 (UTC +04:00)
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri iki ay əvvəl baş vermiş cinayətin təfərrüatlarını açıqlayıblar.
Ağdaşda iki ay əvvəl baş vermiş ağır cinayətin təfərrüatları açıqlandı

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri iki ay əvvəl baş vermiş cinayətin təfərrüatlarını açıqlayıblar.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunub ki, Ağdaş şəhər sakini Elsəvər Məmmədovun ötən il dekabrın 3-də idarə etdiyi VAZ-2106 markalı 10 EK 970 dövlət nömrə nişanlı avtomobillə evdən çıxaraq geri qayıtmaması faktı ilə əlaqədar dekabrın 29-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Ağdaş rayon prokurorluğuna tapşırılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədovun Şamaxı rayon sakinləri Oqtay Mürsəlov və Vasif Soltanov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, E.Məmmədov tanışı O.Mürsəlovun vasitəsilə ayrı-ayrı şəxsləri işə düzəltmək üçün sonuncuya 2012-ci ilin oktyabr ayında İsmayıllı rayonunda 7.500 manat pul verib.

Dekabrın 3-də saat 16:00 radələrində isə Ağdaş rayonundakı evindən çıxaraq yenidən onunla görüşmək məqsədilə Qəbələ-İsmayıllı istiqamətində yola düşüb. Görüşdən sonra O.Mürsəlov tanışı V.Soltanovla qabaqcadan cinayət əlaqəsinə girərək tamah məqsədilə Elsevər Məmmədovu Şamaxı rayonunun Dilənçilər kəndi ərazisində boğaraq qətlə yetirib və meyiti Pirqulu kəndi ərazisində basdırıblar. E.Məmmədova məxsus VAZ-2106 markalı avtomobili isə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində gizlədiblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində tutulub. Onlar ilkin dindirmə zamanı törətdikləri cinayəti tam etiraf edib və meyiti basdırdıqları, avtomobili gizlətdikləri yerləri göstəriblər. Meyit basdırıldığı yerdən çıxarılıb və iş üzrə məhkəmə-tibb və digər zəruri ekspertizalar təyin edilib.

Baş vermiş cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti