Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycanda son 5 ildə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 1386 nəfər zədələnmiş, 331 nəfər dünyasını dəyişib. Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında məruzə ilə çıxış edən AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev bildirib.
AHİK sədrinin sözlərinə görə, əməyin və işçilərin sağlamlığının mühafizəsi həmkarlar ittifaqının prioritet vəzifələrindən hesab olunur.
"Respublika üzrə son beş ildə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 1386 nəfər zədə alıb, 331 nəfər dünyasını dəyişib. Zədəlilərin cəmi 389 nəfəri, dünyasını dəyişənlərin isə 117-si həmkarlar ittifaqlarının xidmətində olan müəssisə və təşkilatların payına düşür. Yəni bizim nəzarətimizdə olan istehsalatlarda belə hadisələrin sayı orta hesabla 3 dəfədən də aşağıdır", Mehbalıyev qeyd edib.
O, həmçinin əlavə edib ki, AHİK-in və üzv təşkilatların bu sahədə gördükləri işlər əməyin mühafizəsinin, sağlamlığın qorunması işinin və ətraf mühitə ictimai nəzarətin gücləndirilməsi məqsədilə 2008-2012-ci illər ərzində həmkarlar ittifaqları orqanlarının texniki əmək müfəttişləri müəssisə və istehsalatlarda 3,2 mindən artıq müayinə aparıblar. Əmək qanunvericiliyinin, həmçinin sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericilik tələblərinin 14,1 mindən artıq pozulması faktı aşkara çıxarılıb. İşəgötürənlər tərəfindən əməyin mühafizəsi tələblərinə riayət olunmaması ilə əlaqədar onlara 2220-dən çox təqdimat verilib. Əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat zədələnmələri və ətraf mühitin problemləri üzrə 668-ə yaxın məsələ həmkarlar ittifaqı orqanlarında müzakirə edilib.
Çıxışda, həmçinin qeyd olunub ki, ötən dövrün aktual problemlərindən biri də həmkarlar ittifaqının cəlbediciliyini artırmaq, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasını gücləndirmək olmuşdur. Göstərilən səylər nəticəsində ölkəmizdə həmkarlar ittifaqı üzvlərinin sayı 1.600.000 nəfərə çatıb. Kiçik və orta biznes müəssisələrinin həmkarlar ittifaqı təşkilatlarının apardıqları təşkilati işi xüsusi qeyd etmək lazımdır.