...

"Təmiz Şəhər" ASC-nin ikinci karbon krediti layihəsi uğurla qeydiyyatdan keçib

Cəmiyyət Materials 26 Fevral 2013 12:44 (UTC +04:00)
"Təmiz Şəhər" ASC tərəfindən BMT-nin Təmiz İnkişaf Mexanizminə əsasən təqdim edilən Balaxanı poliqonunda bioqazların tutulması üzrə karbon krediti layihəsi BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvesiyasında uğurla qeydiyyatdan keçmişdir.
"Təmiz Şəhər" ASC-nin ikinci karbon krediti layihəsi
uğurla qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

"Təmiz Şəhər" ASC tərəfindən BMT-nin Təmiz İnkişaf Mexanizminə əsasən təqdim edilən Balaxanı poliqonunda bioqazların tutulması üzrə karbon krediti layihəsi BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvesiyasında uğurla qeydiyyatdan keçmişdir.

ASC-dən Trend-ə verilən məlumata görə, ümumilikdə, Azərbaycan tərəfindən Təmiz İnkişaf Mexanizmi üzrə 4 layihə uğurla qeydiyyatdan keçmiş və bu layihələrdən ikisi "Təmiz Şəhər" ASC-yə aiddir.

"Təmiz Şəhər" ASC tərəfindən təqdim edilmiş birinci layihə Tullantıların Yandırılması Zavodunun fəaliyyəti ilə bağlı idi. Bu layihə çərçivəsində tullantıların yandırılması nəticəsində alternativ enerji əldə ediləcəkdir. Hər iki layihənin həyata keçirilməsi nəticəsində tullantıların düzgün zərərsizləşdirilməsi ilə yanaşı onlardan alternativ enerjinin əldə edilməsi və insan sağlamlığı və ətraf mühit üçün mənfi təsirlərin qarşısının alınması mümkün olacaq. Layihələrin mütəmadi olaraq BMT tərəfindən təyin edilmiş müstəqil auditor şirkətləri tərəfindən monitorinq aparılacaq.

BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə Rio de Janeyroda 3-14 iyun tarixlərində keçirilən Ətraf Mühitin Mühafizəsi və İnkişafa dair Konfransında razılaşdırılmış beynəlxalq ətraf mühit sazişidir. Sazişin məqsədi atmosferdə istilik effekti yaradan qazların toplanmasını iqlim sisteminə təhlükəli antropogen təsirin qarşısını alacaq miqdara endirməkdir. Təmiz İnkişaf Mexanizmi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən yaradılmışdır. Mexanizm ətraf mühitin mühafizəsi sahəsində inkişafı stimullaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti