Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan Milli Məclisinin Zaqataladan seçilmiş millət vəkili Hikmət Atayev yol qəzası zamanı aldığı zərbədən vəfat edib. Bu barədə cümə günü Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev məlumat verib.
Qeyd edək ki, Atayev idarə etdiyi avtomobillə cümə axşamı saat 21.20-də Balakən rayonunun Qazma kəndi ərazisində qəzaya uğrayıb.
Hikmət Atayev hadisə yerində vəfat edib. Balakən Mərkəzi Xəstəxanasından verilən məlumata görə, maşında olan mərhumun oğlunun vəziyyəti qənaətbəxşdir. Hadisənin onların Gürcüstandan qayıdarkən baş verdiyi bildirilir.
Atayev bu gün Zaqatalada dəfn olunacaq.
Xatırladaq ki, Hikmət Atayev 1953-cü il fevralın 4-də Zaqatalada anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdi. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.
2005 - 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü idi.
Ekspertiza rəyi: Hikmət Atayev yol qəzası zamanı aldığı zərbədən vəfat edib