...

Azərbaycanda müəllimlərin fəaliyyətinin monitorinqinə başlanacaq

Cəmiyyət Materials 12 Mart 2013 14:26 (UTC +04:00)
Azərbaycanda aprelin ortalarından müəllimlərin fəaliyyətinin monitorinqinə başlanacaq.
Azərbaycanda müəllimlərin fəaliyyətinin monitorinqinə başlanacaq

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda aprelin ortalarından müəllimlərin fəaliyyətinin monitorinqinə başlanacaq. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva bildirib.

Onun sözlərinə görə, monitorinqin məqsədi müəllimlərin təlim, qiymətləndirmə strategiyasını öyrənməklə onların fəaliyyətlərinin müasir tələblərə nə dərəcədə cavab verdiyini və ehtiyaclarını bilməkdir.

Müəllimlərin fəaliyyətinin monitorinqinin attestasiya olmadığını deyən Hacıyevanın sözlərinə görə, müəllimlərə müəyyən sorğu anketləri paylanılacaq. Bununla da müəllim fəaliyyəti-təlim üsulları, təhsilin yeni məzmunu, təhsildəki islahatlarla bağlı müəllimlərin hansı problemlərinin həllində tövsiyələrə ehtiyaclarının olduğu öyrəniləcək. Monitorinqin mayın ortalarına kimi yekunlaşması nəzərdə tutulur. Monitorinq nəticəsində müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq və mayın sonunda TN-nin rəhbərliyinə təqdim ediləcək.

Hacıyeva deyib ki, bu monitorinqdə bütün müəllimlərin iştirakı mütləq deyil. Bu proses bütün ölkə üzrə seçmə yolu ilə aparılacaq. Monitorinqə həm TN-nin tabeliyində olan liseylər, gimnaziyalar, həm paytaxtın mərkəzində yerləşən, reytinqi yüksək olan məktəblər və paytaxtın kənar rayonlarında yerləşən məktəblər, həm də digər rayon, şəhər mərkəzlərində yerləşən və ucqar kəndlərdə olan məktəblər cəlb ediləcək.

Nazirliyin şöbə müdiri bildirib ki, monitorinqə bütün tiplərdə olan məktəbləri əhatə edən və coğrafi məkanına görə bütün ölkəni təmsil edə biləcək ümumtəhsil məktəbləri qatılacaq. Belə seçimlə aparılan monitorinqin nəticələri etibarlı məlumat sayıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti