Azərbaycan, Bakı, 18 mart /Trend/
Ölən hərbçi Ayka Kaleyanın atası Merujan Kaleyan prezidentliyə sabiq namizəd, İrs Partiyasının lideri Raffi Ovannisyanın keçirdiyi aclıq aksiyasına qoşulub. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Kaleyan bir neçə ay əvvəl Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrin birində intihar edib.
Merujan Kaleyan qeyd edib ki, oğlunun ölümü intihar kimi qələmə verilib, əslində isə oğlu hərbi hissədə öldürülüb.
"İntihar versiyasını istisna edirəm. 4 aydır aparılan istintaq işləri heç bir nəticə verməyib", - o qeyd edib.
O əlavə edib ki, oğlunun problemi olmayıb, məktəbi qurtardıqdan sonra orduya çağırılıb, tibbi komissiya onda heç bir xəstəlik aşkar etməyib. Ölən hərbçi 3 ay xidmət edib.
"Onun qarnına sağdan atəş açıblar, qatil solaxay olduğuna görə iki dəfə soldan atəş açılıb", - o deyib.
Merujan Kaleyanın daha bir oğlu var. Lakin o bu oğlunu heç bir vəchlə orduya buraxmayacağını deyir.