...

"Kaspi" Təhsil Mərkəzinin V Beynəlxalq Təhsil Sərgisi keçirilir

Cəmiyyət Materials 6 Aprel 2013 12:04 (UTC +04:00)
Bakıda şənbə günü "Kaspi" Təhsil Mərkəzinin V Beynəlxalq Təhsil Sərgisi təşkil olunur.
"Kaspi" Təhsil Mərkəzinin V Beynəlxalq Təhsil Sərgisi keçirilir

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda şənbə günü "Kaspi" Təhsil Mərkəzinin V Beynəlxalq Təhsil Sərgisi təşkil olunur.

Trend-in məlumatına görə, sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, artıq Azərbaycanda beynəlxalq təhsil sərgiləri ənənə halını alıb. Onun sözlərinə görə, bu ənənənin təməli "Kaspi" Tədris Mərkəzi tərəfindən qoyulub.

"Hər dəfə bu sərgilərdən sonra biz çoxlu sayda gənclərimizin xarici təhsil müəssisələrinə qəbul olunduqlarının şahidi oluruq. Hər il sərgidə iştirak edən universitetlərin də sayının artdığını görürük", - Novruzov deyib.

Onun sözlərinə görə, bu cür sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını ortaya qoyur.

"Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bildirib ki, sərginin məqsədi tələbə gəncləri xarici mütəxəssislərin iştirakı ilə dünyanın öncül universitetlərindəki təhsil imkanları barədə maarifləndirmək və "Kaspi" Təhsil Mərkəzinin köməkliyi ilə həmin universitetlərə çıxışlarını təmin etməkdir.

Sərgidə müxtəlif istiqamətlərdə dil kursları, bakalavr və magistr proqramları ilə Böyük Britaniyanın top 10-da olan universitetləri, bundan başqa Polşa, Avstraliya, Kipr, İsveçrənin dünyaca məhşur universitetləri təmsil olunur.

Sərgi ziyarətçiləri iştirakçılar tərəfindən yerindəcə məlumatlandırılaraq univeristet və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı qazanmaqla yanaşı təhsilini xaricdə davam etdirmək istəyən gənclərin yerli və xarici mütəxəssislərdən məsləhətlər almasına şərait yaradır.

Xaricdə təhsilə maraq göstərən gənclərin univeristetlərin nümayəndələri ilə daha effektiv və təkbətək görüşmələri və birbaşa konsultasiya olunmaları üçün sərginin növbəti günü "Kaspi" Təhsil Mərkəzində seminar və təqdimatların təşkili planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti