...

Şamaxı sakini keçmiş arvadının mühafizə yegeri işləyən əmilərindən qərəzli şikayət edib

Cəmiyyət Materials 22 Aprel 2013 11:25 (UTC +04:00)
Şamaxı rayon Avaxıl kənd sakini Fəraiz Salahovun adından ETSN-yə daxil olmuş şikayət məktubu nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Şamaxı sakini keçmiş arvadının mühafizə yegeri işləyən əmilərindən qərəzli şikayət edib

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir İ.İzzət/

Şamaxı rayon Avaxıl kənd sakini Fəraiz Salahovun adından ETSN-yə daxil olmuş şikayət məktubu nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı şikayət məktubunun şəxsi-qərəzlilik zəminində yazıldığı məlum olub.

Şikayətçi öz məktubunda avtomobili ilə odun apararkən Şahdağ Milli Parkının direktor müavini tərəfindən əsassız cərimələndiyini və direktor müavininin himəyadarlığı ilə iki mühafizə yegeri tərəfindən meşələrin qanunsuz qırılmasını iddia etsə də, araşdırma zamanı yazdıqlarının əsassız hesab olunmasını xahiş edib.

Salahov izahat verərək bildirib ki, həyat yoldaşından ayrıldıqdan sonra Şahdağ Milli Parkının Şamaxı bölməsində mühafizə yegerləri işləyən keçmiş həyat yoldaşının əmiləri ilə şəxsi ədavətdə olduğundan onlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və bundan əsəbiləşərək ETSN-yə heç bir fakta söykənməyən qərəzli şikayət məktubu yazıb. O, meşələrin qırılmasından da məlumatı olmadığını, izahatında yazdıqlarının hamısının şəxsi-qərəzlilik olduğunu etiraf edib.

Araşdırma aparılarkən o da məlum olub ki, şikayətçi Salahov Şahdağ Milli Parkının Şamaxı bölməsinin 4 saylı dolayının 40-cı kvartalı ərazisində müxtəlif cinsli və diametrli 5 ədəd yaş kökü üstə ağac kəsdiyinə görə 6 yanvar 2013-cü il tarixində Milli Parkın əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilib və 750 manat məbləğində cərimə olunub. Həmin məbləğin ödənilməsinin təmin olunması üçün sənədlər aidiyyəti üzrə Şamaxı rayon Məhkəmə İcraçıları bölməsinə göndərilib.

Qeyd edək ki, ETSN-yə daxil olan şikayət məktublarının araşdırılması zamanı onların çox hissəsinin şəxsi-qərəzlilik zəminində yazıldığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti