...

Səttar Mehbalıyev: Əməyin mühafizəsi ilə bağlı xeyli dərəcədə risklər mövcuddur (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2013 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İzzət/

Həmkarlar ittifaqlarının apardığı müşahidələr zamanı məlum olub ki, müvafiq normativ sənədlərin mövcudluğuna baxmayaraq, əməyin mühafizəsi ilə bağlı xeyli dərəcədə risklər mövcuddur. Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev AHİK-də keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "Peşə xəstəliklərinin profilaktikası", "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, müxtəlif xəstəliklər üzündən işçilərin əmək qabiliyyətinin azalması müşahidə olunur. Bu xəstəliklər içərisində tənəffüs yollarının iltihabı, qanaxma və dəri xəstəlikləri üstünlük təşkil edir. Müvafiq tədbirlər görülmədiyindən və iş yerlərinin atestasiyasına biganə münasibətin nəticəsidir ki, peşə xəstəliklərinin yaranması riskləri çoxalıb.

O, qeyd edib ki, əməyin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə AHİK "2013-cü ilin peşə xəstəliklərinin profilaktikası" devizi adı altında tədbirlər planı hazırlayıb. Bu plana uyğun olaraq aprel ayında Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Oğuz və Biləsuvarda zona tematik seminarları keçirilib.

"BƏT-in çağırışlarına qoşulan AHİK 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar ölkəmizdə təhlükəsizliyin və sağlamlığın daha da təkmilləşdirilməsi və peşə xəstəliklərinin profilaktikası məsələsini qarşıda duran vacib məsələlərdən biri hesab edir. Ümid edirik ki, bu yolla işçilərin sağlam və təhlükəsiz əmək şəaritinə nail ola bilərik", - Mehbalıyev vurğulayıb.

AHİK-in üzv təşkilatları, bütün sahə həmkarlar ittifaqı orqanları "Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq səhəsində ilin ən yaxşı müəssisəsi - 2012" adı uğrunda müsabiqə keçirib. Keçirilən müsabiqələrin əsas məqsədi Konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, qabaqcıl iş təcrübələrini yaymaq və təbliğ etmək, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində həmkarlar ittifaqı təşkilatlarını və işəgötürənləri mənəvi və maddi cəhətdən həvəsləndirmək, istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək, əməyin mühafizəsi üzrə komissiyalara, ictimai səlahiyyətli nümayəndələrə rəhbərlik edən həmkarlar ittifaqı təşkilatlarına kömək göstərməkdən ibarətdir.

Müsabiqədə 1200-dən artıq müəssisə, təşkilat, sex və sahə iştirak edib. AHİK-in Münsiflər Komissiyası 180-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 19 sahə həmkarlar ittifaqını təmsil edən 45 müəssisə, təşkilat, sex və sahə daha yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti