...

Şəkidəki yeni həbsxanada tibbi-sanitar hissə yaradılır

Cəmiyyət Materials 2 May 2013 15:31 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidəki cəzaçəkmə müəssisəsinin fəaliyyətə başlaması ilə əlaqədar orada tibbi-sanitar hissə yaradılır.
Şəkidəki yeni həbsxanada tibbi-sanitar hissə yaradılır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidəki cəzaçəkmə müəssisəsinin fəaliyyətə başlaması ilə əlaqədar orada tibbi-sanitar hissə yaradılır. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev bildirib.

Onun sözlərinə görə, hazırda həmin hissəyə kadrların işə qəbulu prosesi gedir.

İdarə rəisi qeyd edib ki, tibbi-sanitar hissə kifayət qədər müasir avadanlıqlarla təchiz ediləcək. Hazırda cəzaçəkmə müəssisəsinin açılışı üçün hazırlıq işləri həyata keçirilir.

Mehdiyev bildirib ki, ümumiyyətlə, Tibb Baş İdarəsi hazırda kadr hazırlığı məsələsinə ciddi diqqət yetirir. Bu məqsədlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıq edilir. İdarənin bir sıra əməkdaşları instituta qısa və uzunmüddətli kurslara göndərilir.

Bundan əlavə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə yaradılan Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinin Vərəm üzrə təlim mərkəzinin imkanlarından geniş istifadə olunur. Vərəmlə və HİV-lə mübarizə sahəsində həm tibb işçiləri, həm də Penitensiar Xidmətin əməkdaşları üçün müxtəlif treninqlər təşkil olunur. Mərkəzə beynəlxalq ekspertlər də cəlb edilir.

"Bir sözlə, cəzaçəkmə müəssisələri olmasına baxmayaraq, Azərbaycanın penitensiar müəssisələrinin kifayət qədər potensialı var və bu potensial bizə imkan verir ki, məhkumlara tələb olunan tibbi yardımı göstərək, onların sağlamlığının keşiyində duraq və tibbi xidməti lazımi səviyyədə təmin edək", - Mehdiyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti