Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 5-də keçirəcəyi sınaq imtahanında 39366 abituriyent iştirak edəcək. Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, həmin abituriyentlərin 19371 nəfəri oğlan, 19995 nəfəri qızdır. Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı respublikanın 31 şəhər və rayonunda keçiriləcək.
Sınaq imtahanı Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 54 binada təşkil olunacaq.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaq.