...

TQDK sədri təhsil naziri ilə dərsliklərin problemlərini müzakirə edib

Cəmiyyət Materials 7 May 2013 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə orta məktəb dərsliklərindəki problemlərin aradan qaldırılması ilə bağlı yeni təhsil naziri Mikayıl Cabbarovla müzakirələr aparıb. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə çərşənbə axşamı jurnalistlərə deyib.

Onun sözlərinə görə, müzakirələr zamanı TQDK-nın dərsliklərlə bağlı məsələdə şagirdlərin mövqeyini müdafiə etdiyi bildirilib:

"Təbii ki, elmi əsaslarla aparlmış monitorinq zamanı dərsliklərdə problemlər aşkar olunduqda Təhsil Nazirliyi buna münasibt bildirməlidir. Yeni nazirlə də bu istiqamətdə müzakirə aparmışıq və bildirmişik ki, biz şagirdlərin mövqeyini müdafiə edirik. Hamımız istəyirik ki, dərsliklər keyfiyyətli, müasir olsun".

TQDK sədrinin sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə dərsliklərin monitorinqinin aparılması onun rəhbərlik etdiyi quruma həvalə edilib.

Abbaszadə bildirib ki, dərsliklərdə texniki cəhətdən düzəldilməsi mümkün olan səhvlər düzəldilməlidir. Düzəldilməsi mümkün olmayan səhvlərlə bağlı isə əlavə kitabçalar nəşr edilə bilər.

Komissiya sədri hesab edir ki, hər bir halda məsələyə fərdi yanaşma lazımdır:"Bu məsələlər aradan götürülməlidir ki, yeni tədris ili üçün hazırlanan dərsliklərdə bu səhvlər olmasın. Bu məsələlər daim diqqət mərkəzindədir. Çalışacağıq ki, Azərbaycan vətəndaşları, şagirdləri yalnız keyfiyyətli dərsliklərlə işləsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti