...

Son 10 ildə Azərbaycanda 150-dən artıq müxtəlif təyinatlı yataqların ehtiyatları balansa alınıb

Cəmiyyət Materials 23 May 2013 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Geoloji axtarış və kəşfiyyat işlərində son 10 ildə Azərbaycanın 25 bölgəsində 150-dən artıq müxtəlif təyinatlı yataqların ehtiyatları balansa alınıb. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetinə müsahibəsində bildirib:

"Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət sayəsində təmin edilmiş yüksək iqtisadi inkişafın ahənginə tam uyğun olaraq geoloqlar bu müddətdə yeni ciddi nəticələr əldə ediblər. Bu illər ərzində kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilib, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxıb".

Nazir bildirib ki, 2012-ci ildə faydalı qazıntıların kəşfiyyatı istiqamətində Gədəbəy rayonunda mis polimetal filizlərində nüvə geofiziki tədqiqat üsulları ilə platin, qızıl, mis və sinkin yüksək miqdarı müəyyən edilib.

Bağırov, həmçinin qeyd edib ki, son 10 ildə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4,5 faizdən 10,3 faizə qədər artırılıb:

"Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, о cümlədən 9 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. Ötən il ərzində su hövzələrində bioloji resursların artırılması istiqamətində 365,7 milyon körpə balıq, о cümlədən 3,4 milyon nərəkimilər, 186 min qızıl balıq və
362 milyondan çox çəkikimilər yetişdirilərək su hövzələrinə buraxılıb. Ümumilikdə su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyarda yaxın körpə balıq yetişdirilib və onların su hövzələrinə buraxılması həyata keçirilib".

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etmişlər.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.

Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin 10 əməkdaşını "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı" ilə təltif etmişdir.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti