Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyinə müraciət etmiş şəxslər göndərdikləri sorğuların və məktubların icra vəziyyətini onlayn izləyə biləcəklər.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni elektron xidmət "Elektron hökumət" portalı vasitəsilə vətəndaşların istifadəsinə verilib. Axtarış vətəndaşların şəxsiyyət vəsiqələrindəki PİN-ə (sistem tərəfindən avtomatik qeyd edilir), həmçinin daxil olma indeksinə əsasən aparılır. Daxil olma indeksi düzgün qeyd edildikdən sonra vətəndaşlar bır sıra məlumatları əldə edə bilirlər. Həmin məlumatlar ərizəçinin soyadı, adı, region, müraciət göndərən qurum, daxil olma indeksi və daxil olma tarixi, məktubun məzmunu, icraçılar və icra tarixidir.
Qeyd edək ki, vətəndaşlar bu məlumatları PDF faylında yadda saxlamaq və ya e-poçta göndərmək imkanına da malikdirlər.