...

Azərbaycanda müəyyən kateqoriyadan olan insanların tarixi abidələri pulsuz ziyarət etməsi məsələsinə baxıla bilər

Cəmiyyət Materials 3 İyun 2013 16:25 (UTC +04:00)
Gələcəkdə Azərbaycanda tarixi abidələri ziyarət edənlərin sayı çoxalsa və hansısa təbəqəyə güzəştli xidmətin göstərilməsinə ehtiyac yaransa, onda müəyyən kateqoriyadan olan insanların muzeylərdən, tarixi abidələrdən pulsuz istifadə etməsi məsələsinə baxıla bilər.
Azərbaycanda müəyyən kateqoriyadan olan insanların tarixi abidələri pulsuz ziyarət etməsi məsələsinə baxıla bilər

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Gələcəkdə Azərbaycanda tarixi abidələri ziyarət edənlərin sayı çoxalsa və hansısa təbəqəyə güzəştli xidmətin göstərilməsinə ehtiyac yaransa, onda müəyyən kateqoriyadan olan insanların muzeylərdən, tarixi abidələrdən pulsuz istifadə etməsi məsələsinə baxıla bilər. Bunu Trend-ə Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Bu məsələnin nazirliyin daxili işi olduğunu bildirən nazir müavini tarixi abidələri ziyarət edənlərin sayının çoxalmasında maraqlı olduqlarını söyləyib.

O, qeyd edib ki, ancaq bu gün Azərbaycanda tarixi abidələrin ziyarəti zamanı müəyyən kateqoriyadan olan insanlar üçün güzəştin tətbiqi müzakirə mövzusu deyil. Çünki hazırda insanların çoxu abidələri pulsuz ziyarət edir: "Yəni bizdə pullu giriş çox azdır, çox adam muzeylərə, abidələrə pulsuz baxır. Çünki insanlar uzun müddət ya qoruğun ərazisində, ya da yaxınlığında yaşayıblar. Həmin ərazilərə pulsuz daxil olub çıxıblar. İndi birdən-birə onlara deyəndə ki, siz pul ödəməlisiniz, o pulu onsuz da ödəmirlər".

V.Əliyev bildirib ki, hazırda Azərbaycanda muzeyləri və tarixi abidələri pulsuz ziyarət edə bilən konkret güzəştli təbəqə yoxdur və belə kateqoriyadan olan insanlar müəyyənləşdirilməyib. Çünki təlimatlarda da pullu xidmətin göstərildiyi tarixi bir məkanda güzəştin tətbiqi nəzərdə tutulmur. Hazırkı dövrdə isə Azərbaycanda tarixi abidələrin pulsuz ziyarət edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyindən icazə alınmalıdır. Bu halda şagirdlər, eləcə də digər qruplar tarixi abidələri pulsuz ziyarət edə bilərlər.

Nazir müavini deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə şagirdlərin tarixi abidələri pulsuz ziyarət etməsi halları çox olur. Ancaq şagirdlərə bu imkanın verilməsi ilə bağlı konkret olaraq qanunvericilikdə və ya təlimatlarda xüsusi maddə nəzərdə tutulmayıb: "Sadəcə, biz dövlət qurumu olaraq və marağı nəzərı alaraq, belə hallara istisna hallarda icazə veririk. Gəlsinlər, pulsuz ziyarət etsinlər, pulsuz çəkiliş aparsınlar. Ancaq yəqin ki, gələcəkdə belə halların da qarşısını almağa çalışacağıq".

Qeyd edək ki, Türkiyədə KİV nümayəndələri, şagirdlər və tələbələr tarixi abidələri pulsuz ziyarət edə bilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti