...

Azərbaycanda yeni doğulan uşaqlara daha çox milli adlar qoyulur

Cəmiyyət Materials 5 İyun 2013 16:31 (UTC +04:00)
Azərbaycanda artıq yeni doğulan uşaqlara daha çox milli, türk mənşəli adlar qoyulur. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Azərbaycanda yeni doğulan uşaqlara daha çox milli adlar qoyulur

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda artıq yeni doğulan uşaqlara daha çox milli, türk mənşəli adlar qoyulur. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, ölkədə uşaqlara adların qoyulması prosesi milliləşməyə doğru gedir: "Bunu 2010, 2011 və 2012-ci illərin statistikasına baxanda da görmək olur. Ancaq Azərbaycanın müstəqillik dövründən əvvəlki illərdə daha çox Olya, Qalya kimi rus adlarının qoyulmasına üstünlük verilirdi".

S.Sadıqova bildirib ki, müəyyən adlar bizim dilimizə İslam dinindən gəlib və ərəb mənşəlidir. Əli, Məhəmməd, Hüseyn, Əhməd, Mehdi kimi adlar artıq milli adlar sayılır. Azərbaycan dilində bu adların yazılış forması da ərəb dilində yazıldığı formadan fərqlənir.

Komissiyanın sədr müavini bildirib ki, Azərbaycanda son zamanlar yeni adlar da yaranıb. Məsələn, Nuray, Nurgün, Dəniz, Dərya da artıq milli adlar hesab edilir.

S.Sadıqovanın sözlərinə görə, son dövrlərdə uşaqlara "Stəkan" və s. kimi gülüş doğuran adlar qoyulsa da, belə hallar getdikcə azalır. O, gülüş doğuran belə adların qoyulmasının qarşısının alınacağını da söyləyib: "İnsan öz övladına Çəllad, Sərxoş adı qoya bilərmi? Ancaq bizdə belə adlar qoyulub".

S.Sadıqova bildirib ki, Terminologiya Komissiyasına sədr təyin edildikdən sonra xüsusi adların qoyulmasına nəzarət etmək üçün ayrıca işçi qrupu yaradılacaq. Bunun üçün adlarla bağlı kitablar Vətəndaşlıq Aktlarının Qeydiyyatı idarələrinə veriləcək: "Adlar, soyadlar məsələsində xalqın özünün də yaradıcılığı olur. Onlara qadağa qoymaq olmaz ki, yalnız bu kitabdakı adları qoymalısan. Ancaq müəyyən adlar var ki, onları xalq özü yaradıb. Məsələn, Cəfər Cabbarlının, Rəsul Rzanın yaradıcılığında yeni adlar yaradılıb. Müasir dövrümüzdə də nə qədər yeni adlar var".

Onun sözlərinə görə, Vətəndaşlıq Aktlarının Qeydiyyatı idarələrinin hüquqşünasları uşaqlarına qeyri-milli, gülüş doğuran adlar qoyan insanları maarifləndirməlidir. Bu halda belə insanların sayı azalar: "Kim isə Moskvaya gedib Olya, Mariya adında qızı sevir. Sonra da gəlib uşağına o adları qoyur. Bu nə dərəcədə düzgündür? Axı, Olya bizim milli adımız deyil. Hüquqşünaslar bunu insanlara başa salmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti