Azərbaycan, Bakı, 13 iyul /Trend/
Binəqədi Rayon İcra Hakimiyyətində "Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və dövlətçilik" adlı konfrans keçirilib. Trend-in məlumatına görə, tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül qoyaraq öz ehtiramlarını bildiriblər.
Daha sonra qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətində elektron hökumətə keçidlə əlaqədar qurulmuş elektron xəritə, elektron kargüzarlıq sistemi, Sakinlərin Müraciəti Xidməti - 1646 və vətəndaşlara xidmət üçün yaradılmış digər texniki imkanlarla tanış olublar.
Konfrans Ümummilli liderin 1969-1982-ci illərdə Azərbaycanın hər sahədə dirçəlişi uğrunda həyata keçirdiyi işlərə həsr olunmuş filmin nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin sosial-iqtisadi, hərbi, təhsil sahəsində inkişafı üçün gördüyü işlərdən, həmçinin Azərbaycançılıq ideologiyasının əsasını qoymasından bəhs edərək, bu uğurlu siyasətin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdi. Xaləddin İsgəndərov xüsusi vurğuladı ki, əsaslı təmirdən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının böyük akt zalında ilk tədbir məhz Ümummilli Liderə həsr olunub.
Daha sonra Millət vəkilli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Millət vəkili, professor Musa Qasımlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Ümummilli lider Heydər Əliyevin 44 il əvvəl hakimiyyətə gəlişi ilə bugünkü müstəqil Azərbaycan dövlətinin əsasını qoyduğunu tarixi faktlara əsaslanaraq qeyd etdilər və bu uğurlu siyasəti davam etdirən cənab Prezident İlham Əliyevə hər sahədə dəstək verməyin bir zərurət olduğunu nəzərə çatdırdılar.
Tədbir, Binəqədi Rayon İcra Hakimiyyətinin elan etdiyi "Heydər Əliyev irsini öyrənirik" adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatdı.