Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda fəaliyyət göstərən çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyalari və İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində çovdar və buğda unundan çörəklərin istehsalına dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud deyil, istehsal yerində sanitariya qaydalarına əməl olunmur, sabit keyfiyyətdə məshul istehsalı üçün şərait yoxdur. Həmçinin müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil. Nəticədə normativ sənəd ГОСТ 2077-84 standartının, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci, 6-cı, 7-ci, 13-cü, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddələrinin tələbləri pozulub.
Yoxlanılan məhsulun qablaşdırılması, saxlanması və markalanması normativ sənəd ГОСТ 2077-84 standartının tələblərinə cavab verməyib. Belə ki, istehsal olunan çörəyin üzərinə reklam xarakterli "Pəhriz" yazısı qeyd olunub, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda markalanmada 3 gün göstərilib. Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən olunub.
İstehsalda istismar olunan 6 ədəd ölçmə vasitəsi isə ГОСТ 8.513-84 standartının tələbləri və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub.
Aşkar olunan nöqsanlarla əlaqədar olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib, müəssisə barədə inzibati qaydada protokol tərtib olunub.